"Meydana girəndə desəydilər ki, 1 xal, buna razı olardıq"

22 Sentyabr 2019 21:05 Premyerliqa 971
"Meydana girəndə desəydilər ki, 1 xal, buna razı olardıq"

"Oyun haqqında onu deyə bilərəm ki, neçə xalı olur-olsun - "Neftçi" həmişə çətin rəqibdir. Rəqib meydanında oynayacağımıza baxmayaraq, bura 3 xal üçün gəlmişdik. Sadəcə, oyun belə gətirdi. Hər halda "Neftçi" kimi komanda ilə oyundan 1 xal qazanmaq da yaxşıdır".

Bu sözləri Premyer Liqanın 5-ci turunun "Neftçi" - "Keşlə" görüşündən sonra Sportinfo.az saytına açıqlamasında "Keşlə"nin hücumçusu Vüsal İsgəndərli deyib. O, səfərə qələbə dalınca gəldiklərini deyib.

- "Neftçi"nin qırmızı vərəqə almasından sonra sizin hücuma daha çox atılacağınız gözlənilsə də, əskinə, üstünlüyü müdafiə olunmağa və əks-hücuma verdiz. Bu, nə ilə bağlı idi?

- Rəqibin heyətində kifayət qədər sürətli, texnikalı futbolçular var. Onlara qarşı açıq futbol oynamaq çətin olar. Təkbətək epizodlarda üstün olduqları üçün hardasa bundan çəkindik. Amma deməzdim ki, tam müdafiəyə "oturduq". Sadəcə rəqibin oyunu bizi belə taktika seçməyə vadar elədi. "Neftçi" çox istəkli idi, evdə oynayırdılar.

- "Neftçi qeyri-stabil çıxış edir. Bu gün onları uda bilərdiz?

- Əlbəttə, tək "Neftçi"yə yox, istənilən komandaya qalib gəlmək olar. Bütün kollektiv meydana istəkli çıxsa, hansı rəqiblə oynamağın fərqi yoxdur.

- Paltardəyişmə otağında səs-küyünüz götürmüşdü, sevindiyiniz hiss olunurdu. Yəni, 1 xala bu qədər sevinirdiz?

- Yox, sevinmək söhbəti deyil. Sadəcə məyus oturmuşduq, məşqçi bizi ruhlandırırdı. Onun səsi idi. Ürək-dirək verirdi ki, ən azından məğlub olmamışıq. Açığı deyim ki, heç-heçəyə məyus idik. Çünki rəqibin 10 nəfərlə qalmasından yararlana bilmədik. Ancaq meydana girəndə desəydilər ki, 1 xal, bəlkə buna razı olardıq.

- Əvəzlənməyinə əsəbi şəkildə reaksiya verdin. Tərlan Əhmədovun qərarına etiraz edirdin, yoxsa?..

- Desəm, bəlkə də səmimiyyətimə inanmayacaqsız, amma vallah, oyunda bir epizod var idi, ona görə əsəbləşmişdim. meydanı qol vuraraq tərk eləmək istəyirdim, ona görə qaçırdığım epizoda pis olmuşdum. Məşqçi mənə çox səbr edib, imkan yaradıb. 5 ay qol vurmamışam, qol ötürməsi verməmişəm, ancaq Tərlan müəllim mənə dözüb. O epizodda ona etirazdan söhbət belə, gedə bilməz.

- Ardıcıl 2 oyun qalib gəldiz. İndisə ardıcıl 2 oyundur qələbə qazana bilmirsiz.

- "Səbail"lə oyuna baxanlar bilir ki, ən azı bir hissə onlardan üstün futbol oynadıq. Neçə dənə qol epizodu yaratdıq, vura bilmədik. Belə deyim, hamımız öz üzərimizdə çalışıb son nöqtəni qoymağı bacramalıyıq. Bizə əsas bitiricilik çatmır.

-------------------------------------

Elnur

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!