“Divzionda oynayan bu komanda Premyer Liqa meyarlarına uyğun gəlir”

9 Mart 2023 23:00 Premyerliqa 1 745
“Divzionda oynayan bu komanda Premyer Liqa meyarlarına uyğun gəlir”

AFFA İcraiyyə Komitəsinin son iclasında bir daha qətiləşdi ki, hazırkı mövsüm Premyer Liqada sonuncu pilləni tutan kollektiv Birinci Diviziona yollanacaq.

Təbii ki, bundan sonra sonuncu yerlərdə gedən klublar arasında mübarizə daha da gərgin keçəcək. Elə Birinci Divizionda ilk pilləni tutmaq uğurundanda mübarizə bir qədər qızışa bilər.

Görəsən, bu mübarizədə Premyer Liqada kim qalmağa, kim getməyə daha şanslıdır?

Birinci Diviziondan yüksək liqaya gəlməyə hansı kollektivi hazır saymaq olar?

Və ümumiyyətə aşağı liqada Premyer Liqa səviyyəsində klub varmı? Yoxsa indiki halda yüksək liqada oynamaq həmin komandalara çətin olar?

Bu suallarımıza cavab tapmaq üçün hər iki çempionatda təcrübəsi olan "Zirə-2"nin baş məşqçisi Zaur Həşimovla danışdıq.

Gənc mütəxəssis ilk öncə yüksək liqada gedən mübarizəni dəyərləndirib:

"Premyer Liqada sonuncu olacaq komandanın Birinci Diviziona düşəcəyinin təsdiqlənməsi ajotajı daha da artırmış oldu. Bundan sonra bütün turlarda daha gərgin oyunların şahidi olacağıq.

Bu, çox müsbət haldır. İndidən hansı komandanın yüksək liqanı tərk edəcəyini demək asan deyil.

Fiziki olaraq komandalarının hazırlığı eyni səviyyədə görünür. Məncə, baş məşqçilər futbolçuların psixoloji və taktiki cəhətdən daha çox hazırlamalı olacaqlar.

Turnir cədvəlinə baxanda da görünür ki, son pillələrdə qərarlaşan hər 3 komandanı Birinci Diviziona düşmək təhlükəsi gözləyir".

"Zirə"nin sabiq baş məşqçisi daha sonra Birinci Diviziondakı son mənzərəni şərh edib:

"Birinci Liqada cəmi 6 komanda var. Qalanları Premyer Liqanın əvəzedici heyətləridir. İlk pillədə "Araz Naxçıvan" qərarlaşıb.

Sonrakı 4 pillədə əvəzedici komandalar qərar tutub. Birinci pilləyə ən yaxın divizion komandası MOİK-dir.

Onlar da 6-cı pillədə yer alır. Açıq-aşkar görünür ki, yüksək liqaya çıxacaq komanda "Araz Naxçıvan" olacaq".

PRO kateqoriyalı mütəxəssis sonda "Zaqatala" haqqında xüsusi olaraq danışıb:

"Birinci Divizionda hazırda şəraitinə görə "Zaqatala" Premyer Liqa meyarlarına uyğun gəlir. Onların heyəti də Premyer Liqada aşağı pillələrdə qərarlaşan kollektivlərdən geri qalmır".

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti