Yeni intriqa həvəsi, çətin səfər, münasib rəqib və...

29 Noyabr 2022 11:20 Premyerliqa 324
Yeni intriqa həvəsi, çətin səfər, münasib rəqib və...

ÇƏTİN SƏFƏR

"Sabah" Premyer Liqanın 15-ci turu çərçivəsində bu gün Tovuza yollanır. Komanda 14:00-da başlayacaq qarşılaşmada "Turan Tovuz"in qonağı olacaq.

Yəqin ki, bu gün də tribunlara meydan sahiblərinin tərəfdarları axın edəcək. Hər halda hazırda çempionatda güclü iki rəqibdən biri kimi qiymətləndirilən "Sabah" Tovuza gəlir.

Bu baxımdan Masazır təmsilçisinin işi heç də asan olmayacaq. 90 dəqiqə dolu tribunaların təzyiqi Murad Musayevin yetirmələrinin üzərində olacaq. Bir sözlə, komanda səfər nə demək olduğunu mövsümdə ilk dəfə bu gün canlı yaşayacaq.

MÜNASİB RƏQİB

Amma meydandakı rəqib baxımından komandanı bu tur şanslı saymaq olar. Həm büdcəsinə, həm də heyətinə görə "Sabah" qərb təmsilçisini bir yox, bir neçə dəfə üstələyir.

Düzdü, Ayxan Abbasovun qısa müddətdə formalaşdırdığı komanda hələm-hələm asan təslim olmur. Elə təkcə "Neftçi" ilə əldə olunan bərabərlik (0:0) bəs edir ki, paytaxt klubu bir qədər ehtiyatlı olsun. Ki, hər an qəza baş verə bilər.

ÖNƏMLİ 3 XAL

Dünən "Zirə" ilə oyunda "Qarabağ"ın xal itirməsi ən çox "Sabah"ın işinə yaradı deyə bilərik. Suraxanıdakı bərabərlik Tovuzda qazanılacaq üç xalın dəyərini, önəmini birəbeş artırmış oldu. İndi əldə olunacaq qələbə ilə liderlə aradakı xal fərqini 3-ə endirmək imkanı var. Bir də belə şans mövsümün qalan dövründə ələ düşməyə bilər.

QAYIDACAQ İNTRİQA

Bu gün "Sabah"ın qələbəsini yəqin ki, komanda üzvləri ilə bərabər, həm də futbol ictimaiyyətinin əksər nümayəndəsi istəyəcək. Çünki bununla Premyer Liqaya yeni nəfəs - çempionluq rəqabəti gəlmiş olacaq. Ardıcıl 13 tur qalib gələn ağdamlılar son iki qarşılaşmada bərabərə qalmaqla vacib xallar itirib. Qış fasiləsi ərəfəsində aradakı xal fərqinin 3-ə qədər enməsi yeni ildən gərgin çempionluq mübarizəsinin ilk siqnalları kimi qəbul oluna bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti