“Neftçi”nin baş məşqçisi: "Mən tərəfdarıyam ki…"

18 Mart 2020 23:20 Neftçi 1 492
“Neftçi”nin baş məşqçisi: "Mən tərəfdarıyam ki…"

“Çempionatımızın davam etdirilməsinin tərəfdarıyam”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov koronavirus epidemiyasının yayılması səbəbindən Azərbaycan Premyer Liqasında yaranmış fasiləyə münasibət bildirərkən deyib.

Mövsümün sonuna çox oyun qalmadığını söyləyən gənc mütəxəssis bu üzdən mübarizənin davam etdirilməsinə müsbət baxır. Ancaq o, xəstəliyin tamam yox olmasının daha vacib olduğunu vurğulayıb:

“Hər şeydən öncə insan sağlamlığı gəlir. Dövlətimizin qabaqlayıcı tədbirlər görülməsi ilə bağlı verdiyi qərarları tam olaraq dəstəkləyirik. Çünki bu, virusun yayılmasının qarşısını alır. Hər halda, bir neçə ölkədə, xüsusən də, İtaliyada vəziyyətin necə acınacaqlı olduğunu görürük. Sevindirici haldır ki, bizdə vəziyyət o dərəcədə ağır deyil. Bu baxımdan hesab edirəm ki, çempionat hətta aprelin ortalarından da bərpa olunsa, mövsümü başa vura bilərik. Çünki sona cəmi 8 tur qalıb”.

Məmmədov son 8 turun keçirilməməsi və komandaların hazırkı mövqelərinə uyğun mükafatlandırılmaları variantına da reaksiya verib.

43 yaşlı çalışdırıcı çempionluq uğrunda əsas rəqibləri olan “Qarabağ”a qızıl medal verilməsi ehtimalına fikir bildirib: “İtaliya, İngiltərə kimi ölkələrdə çempionatın bərpa olunmaması normaldır.

Ancaq fikrimcə, hadisələrin gedişini görmək üçün bir müddət gözləmək olar. Ancaq UEFA və ya PFL sizin dediyiniz ehtimalı qərara alarsa, buna heç nə edə bilmərik.

Adam indiki durumda bu barədə düşünmək də istəmir. İlk növbədə xəstəliyin yox olmasına, insanların normal həyatlarına geri dönmələrinə ümid edirəm. Ondan sonra hansı qərar veriləcəksə, onunla da razılaşmalı olacağıq”.

Baş məşqçi futbolçularla müntəzəm əlaqə saxladıqlarını, bu məsələyə ciddi nəzarət etdiklərini vurğulayıb: “Futbolçulara tapşırıq vermişik ki, evdən çıxmasınlar. Onlara fərdi məşq proqramı verməmişik. Çünki qeyri-müəyyənlik hökm sürür. UEFA-nın bugünkü iclasında veriləcək qərara uyğun addım atacağıq”.

Premyer Liqada 20 turdan sonra ikinci pillədə qərarlaşan “Neftçi” lider “Qarabağ”dan 8 xal geri qalır. UEFA-nın bu gün təşkil edəcəyi videomüşavirədə milli çempionatlarla bağlı məsələ də müzakirə ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!