Rufat Abdullazadə rəsmən "Hapoel Kiryat Şmona"da: İsraildə ilk gün və Polşa toplanışı!

21:20 Bizimkilər 283
Rufat Abdullazadə rəsmən "Hapoel Kiryat Şmona"da: İsraildə ilk gün və Polşa toplanışı!

Azərbaycanlı yarımmüdafiəçi Rufat Abdullazadənin İsrail Super Liqası təmsilçisi "Hapoel Kiryat Şmona" klubuna transferi rəsmiləşib. İsrailə yollanan istedadlı futbolçu uğurla tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə rəsmi müqaviləyə imza atıb.

Müqavilə imzalandıqdan dərhal sonra Abdullazadə komandasının keçirdiyi ilk məşqə yollanaraq prosesi tamaşaçı qismində izləyib. Burada o, yeni komanda yoldaşları, baş məşqçi və texniki heyətlə yaxından tanış olub, klub rəhbərliyi tərəfindən isti qarşılanıb. Karyerasında tamamilə yeni və iddialı bir səhifə açan futbolçunun İsraildəki ilk günlərindən etibarən adaptasiya prosesinin olduqca müsbət keçdiyi bildirilir.

Planlara əsasən, "Hapoel Kiryat Şmona" İsraildəki bir həftəlik yerli hazırlıq mərhələsini tamamladıqdan sonra növbəti dayanacağa yollanacaq. Komanda yeni mövsüm öncəsi (Pre-season) təlim-məşq toplanışının əsas mərhələsini keçirmək üçün Polşaya yola düşəcək. Rufat da komanda ilə birlikdə Polşa toplanışında iştirak edərək yeni mövsümə tam hazır vəziyyətə gəlməyi hədəfləyir.

Futbolçunun İsrailə gəlişi, tibbi yoxlanış, müqavilənin imzalanması və komandaya təqdim olunma anlarında onun agenti Emil Asadov da rəsmi şəkildə onun yanında yer alıb. İki aya yaxın müddətdə bu transferin reallaşması üçün çalışan agent mühüm keçid prosesində də bütün təşkilati işlərdə birbaşa iştirak edərək futbolçusuna hər addımda dəstək olub.

Klublararası razılığın əldə olunmasından sonra rəsmi imzaların da atılması ilə Rufat Abdullazadə üçün İsrail macərası rəsmən başlamış oldu. Futbolçumuza bu yeni və məsuliyyətli yolda uğurlar arzulayırıq!

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti