Bu, "Neftçi"ni illərlə geri salır, imicinə böyük zərbə vurur

19 Fevral 2020 10:34 Neftçi 1 005
Bu, "Neftçi"ni illərlə geri salır, imicinə böyük zərbə vurur

"Neftçi" adı hər zaman komandanın ilk rolda çıxış etməsini şərtləndirir. Tarixi oyun üslubuna sadiq qalanda, meydanda lider ruhunu qoruyanda, qələbələrlə yanaşı, baxımlı oyun da alınır, azarkeşlərə də zövq verir.

Komanda rəqib imkan verdiyi qədər oyununu göstərə bilir. Bu, bütün komandalara aiddir. Liderliyini meydanda davamlı göstərənlərə isə fərqi yoxdur, rəqibləri analiz etməklə yanaşı, öz oyunlarını hər an diqtə edirlər...

O axşam "Neftçi" ruhu oyanmışdı. "Keşlə" ilə qarşılaşmada hesab daha böyük ola bilərdi, Dabonun verilməyən penaltisi də öz yerində. Ən önəmlisi, qələbə ilk dəqiqələrdən sona kimi inamlı çıxışla qazanıldı, bəsit penalti də futbolçulara ciddi təsir etmədi...

Eyforiyaya qapılmamalıdırlar. Stabillik, davamlı qələbələr təmin edilməlidir. "Neftçi" üçün zəif "Bakı birinciliyi"ndə bunu etmək elə də çətin deyil.

Özünəinam, "Neftçi" adının lüksək tutulması - rəqib(lər)in geri çəkilməsini məcbur edir. Bu görüş bunu bir daha sübuta yetirdi.

Əsas "büdcəmiz yoxdur, pul çatışmır, borc içindəyik, rəqiblər imkan vermirlər, təzyiqlər edilir, qərəzli yanaşılır" nağıllarına, şayiələrinə son qoyulmalıdır.

Səbəblər öncə kənarda deyil, daxildə araşdırılmalı, məsləhətlərə, pozitiv tənqidi-təhlillərə önəm verilməlidir.

Bordinlə çay içə-içə, nərd oynaya-oynaya, "qədeş"lik iddiasına düşə-düşə iki mövsüm hədər verildi. Fiaskonun yaşanacağı ilk gündən bildirilirdi. İtalyanın futbol fəlsəfəsi "Neftçi"nin tarixi, ənənəvi oyun tərzinə zidd idi.

Vəzifələrdə olanlar bəhanələrlə sponsorları hədəf göstərməməlidirlər. Rəhbər şəxslər "sığortalanmaq" yox, məsuliyyəti öz üzərlərinə götürməyi bacarmalıdırlar.

Uğursuzluqlar olanda məcburiyyətdən manevr edilməməlidir, vaxtında doğru addımlar atılmalıdır. Ancaq bu halda "Neftçi" layiq olduğu liderliyini geri qaytara bilər. Hər uğursuz mövsüm "Neftçi"ni illərlə geri salır, mənasız araqatmalar azarkeşlər arasında parçalanmaya səbəb olur, komandanın imicinə böyük zərbə vurur.

"Neftçi"yə xas oyun üslubu hələ çox təkmilləşməlidir. Tərlan Əhmədovun görüşdən sonra "günah məndədir" deməsi təqdirəlayiqdir. Hər məşqçi bunu etiraf etmir, hər dəfə "günahkar" axtarışına çıxılır.

Növbəti turlarda da "Neftçi" məzmunlu qələbələrini təmin edib davamını gətirməli, fanat-azarkeşlərini sevindirməlidir. Yenidən "günahkar(lar)" axtarışına çıxılmamalı, bəhanələrə son qoyulmalıdır. Ancaq bu yolla, bu düşüncə, təfəkkürlə "Neftçi" öz əzəmətini geri qaytara bilər. Bu matçda olduğu kimi. Davamı gəlsin.

Tahir Süleymanov

Digər Xəbərlər
Xəbər Lenti