"O, "Neftçi"də qala bilməz"

19 Yanvar 2020 23:20 Neftçi 1 689
"O, "Neftçi"də qala bilməz"

“Neftçi”nin Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəbəri Rüstəm Allahverdiyev “FutbolPress”ə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi Roberto Bordinin baş məşqçi postundan göndərilməsindən, komanda daxilindəki mövcud ab-havadan danışıb...

- Klub rəhbəliyi, Müşahidə Şurası son ana qədər Roberto Bordinin arxasında dayandı. Ötən mövsüm çempionluq əldən veriləndə də, yayda Avropa Liqasında “Bney Yehuda” qarşısında uğursuzluqdan, komandadaxili müəyyən problemlərdən sonra da belə idi. Onun indiki məqamda göndərilməsi nə ilə bağlı oldu?
- Roberto Bordin “Neftçi”nin baş məşqçisi olduğu dövrdə komandamız həm yaxşı, həm də xoşa gəlməz nəticələri ilə yadda qaldı. Məncə, klubun azarkeşləri bu yay Avropa Liqasında Rusiyanın “Arsenal” komandası ilə oyunlarda qazandığı qələbələri, ötən mövsüm 25-ci tura qədər göstərdiyi nəticələri heç vaxt unutmaz. Bu müddət ərzində uzun fasilədən sonra “Neftçi” çempionluq uğrunda yarışın əsas favoritlərdən birinə çevrildi. Ancaq həm Avropa Liqasında, həm ölkə çempionatında, həm də xüsusən kubok yarışlarında komandanın onlardan gözlənilən nəticəni verə bilməməsi bütün bu gedişatda vacib rol oynadı. “Neftçi”nin Müşahidə Şurası və İcra orqanı hər dəfə baş məşqçiyə qarşı olan istefa tələblərinə, tənqidlərə baxmayaraq, ona inamını və lazımı dəstəyini göstərdi. Lakin ölkə kubokunda növbəti dəfə qeydə alınan ağır nəticə artıq səbrin son həddi idi və rəhbərlik içərisində də bu fikrin yaranmasına səbəb oldu. Bununla bağlı uzun müzakirələr getdi. Hər kəsin fikri öyrənildi. Nəticə qənaətbəxş hesab edilməsə də, növbəti dəfə yola davam etmək haqqında qərar verildi. Ancaq iki gün öncə klub prezidentinin təşəbbüsü ilə yenidən bu məsələ gündəmə gətirildi, Müşahidə Şurasının üzvlərinin son rəyi əsasında dünən Roberto Bordinlə görüşüldü və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verildi.

- Bordinin göndərilməsində hansısa gözlənilməz, ani hadisənin rolu oldumu, yoxsa proseslərin məntiqi yekunudu?
- Xeyr, hər hansı ani bir qərar deyildi. Son dövrlərdə həm mediada, həm də ictimaiyyət arasında bu məsələ daim müzakirə edilirdi. Bu klubda olan hər kəs bilir ki, ölkədə kim nə nəticə qazanır-qazansın hamının bir gözü “Neftçi”nin üzərindədi. Komandada adi bir hadisə gündəm olur. Mövsümün əvvələrində qeydə alınan nəticələr, kubokdan kənar qalmağımız yuxarıda da qeyd etdiyim kimi bu qərarın verilməsinə səbəb oldu.

- Son zamanlar baş məşqçi ilə futbolçular arasında vəziyyətin gərgin olduğu xəbərləri daha çox yayılırdı. Bunlar nə dərəcədə reallıqdı?
- Roberto Bordin “Neftçi”nin baş məşqçisi idi. Komanda ilə bağlı son qərarı verən şəxs məhz o idi. Kim oynamalıdı, hansı taktika seçilməlidi, hansı məşq keçirilməlidir – buna heç kəs müdaxilə edə bilməzdi. Futbolçularla bağlı münasibətlərdə də yazıldığı, danışıldığı kimi hər hansı faciəvi bir vəziyyət yox idi. Nə Dario, nə Dabo, nə də bir başqa futbolçu ilə arasında münaqişənin olduğunu nə görmüşdük, nə də eşitmişdik. Bəli, misal üçün son yoldaşlıq görüşündə Dabo əvəzlənməsinə görə etirazını bildirmişdi. Bu hərəkətinə görə də baş məşqçidən üzr istəmişdi və cəzalanmışdı. Ancaq yox, məşqçinin üstünə hücum çəkmişdi və ya başqa hərəkət etmişdi kimi – yazılar uydurmadan başqa bir şey deyil. Bu klubda çalışan hər kəs bilir ki, heç kəs “Neftçi” adından böyük deyil. Bunu dərk etməyən və bu qaydalara əməl etməyən şəxs kimliyindən asılı olmayaraq, bu komandada qala bilməz, karyerasını burda davam etdirə bilməz.

- Ümumiyyələ, komanda daxilində ab-hava necədi?
- Bir daha qeyd etmək istəyirəm ki, komanda daxilində ab-hava baxımından heç vaxt problem olmayıb, indi də heç bir problem yoxdu. Bəli, nəticələrə görə çox təəssüf edirik, üzülürük, müəyyən qədər hamıda gərginlik var. Bu da hər kəsə məsuliyyətini, harda olduğunu dərk etməsi üçün çox vacib amildi. Hər kəs kimi, komanda üzvləri də öz potensialına bələddi. Bilirik ki, biz bir olsaq, güc olsaq kimsə qabağımıza çıxa bilməz. Vacib olan bunu yaratmaq və qorumaqdı. Bunun üçün hər kəs ən az bacardığı qədər çalışmalıdı. Hazırda təlim-məşq toplanışındayıq. Komanda proqram əsasında günlük məşqlərinə çıxır, yüksək əhval-ruhiyyədə qarşıdakı oyunlara hazırlaşır.

- Bordin göndərilməsi ilə bağlı məlumatlandırılanda reaksiyası necə oldu?
- Roberto Bordinlə klub prezidenti Kamran Quliyev və vitse-prezident Elnur Eyvazov görüşdü. Məlumat verildi ki, komandanın hazırkı nəticələri rəhbərliyi qane etmir və bu səbəblərə görə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməsini istəyirlər. Ona gələcək karyerasında uğurlar arzuladılar. İtalyan mütəxəssis də bu qərarı anlayışla qarşıladı, komandaya uğurlar arzuladığını bildirdi.

- Komanda müvəqqəti olaraq Füzuli Məmmədova tapşırılıb. O, mövsümün sonuna qədər “Neftçi”yə rəhbərlik edcək, yoxsa tezliklə yeni baş məşqçi təyinatı reallaşacaq?
- Rəsmi olaraq qeyd etdiyimiz kimi, hazırda komandada baş məşqçi postu müvəqqəti olaraq Füzuli Məmmədova tapşırılıb. Qarşıdakı oyunlara futbolçular onun rəhbərliyi altında hazırlaşacaq. Bu məsələdə klub rəhbərliyi tələsmək istəmir. Füzuli müəllimin təcrübəsinə və potensialına güvənirik. İnanırıq ki, o, bu komanda ilə qarşıya qoyulan məqsədə nail olacaq. Bütün “Neftçi” sevərlərini komandanın yanında olmağa səsləyirik. Fürsətdən istifadə edərək bir daha qeyd etmək istəyirəm ki, nə Roberto Bordinlə müqaviləyə xitam verilənə qədər, nə də hazırda hər hansı məşqçi ilə danışıq aparmırıq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı