"Neftçi"nin prezidenti olmağa GİZLİ NAMİZƏD

19 Noyabr 2019 18:24 Neftçi 1 641
"Neftçi"nin prezidenti olmağa GİZLİ NAMİZƏD

Son günlər diqqətlər ancaq milli cəbhəsinə çevrilib. Bu gün komandamız Avropa çempionatının seçmə mərhələsinə yekun vuracaq. Gözlər Slovakiyanın Trnava şəhərinə yönəldiyi bir vaxtda "Neftçi"də "sular yenə bulanıq axır".

AFFA-nın başı 2-3 aydır yığmaya, Nikola Yurçeviçə qarışıqdır, paytaxt klubu bir az arxa plana keçib. Bu da müvəqqətidir. "Neftçi" elə bir "ləzzətli piroq"dur ki, həmişə üzərində göz(lər) var. AFFA 2015-ci ilin aprelindən öz nəzarəti altına keçirdiyi "ağ-qaralar"ı əlindən vermək fikrindən uzaqdır.

Hətta Kamran Quliyevi nə vaxt yola salsalar, onun yerinə tez-tələsik təyinat etməyə adamları var. Ən real namizəd Zaur Axundovdur və biz "Keşlə"nin Müşahidə Şurasının sədrinin "Neftçi"yə necə can atması haqda yazmışıq.

Bakı təmsilçisinin büdcəsi son 2 ildə yetərincə artıb. SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov həmtəsisçisi olduğu "Neftç"yə lazımı qədər diqqət ayırır. Onun əsas işi maliyyə ayırmaqdır, həmin vəsaiti hara və necə xərcləmək isə idarəçi-icraçıların üzərindədir.

Ötən 2 aydakı proseslər düşünməyə əsas verir ki, İsmayılov onlardan narazıdır. Həm də necə! O, şübhələr dənizinə baş vurub, komandanın qeyri-sabit çıxışından hiddətlənib və iç səbəbləri bir-bir araşdırmaya başlayıb. Altdan-altdan hərtərəfli araşdırma gedir, sorğu-suala çəkilənlər az deyil və görünən odur ki, çanaq rəsmilərdən kim(lər)insə başında çatlayacaq.

Əlbəttə, Kamran Quliyev şirin yuxudan ayılmaq istəmir və postunu təhvil verməmək üçün əlindən gələni etməkdədir. Onu dəstəkləyənlər sırasında Müşahidə Şurasının sədri Çingiz Abdullayevin də olması prezidenti ruhlandırsa da, ehtiyatını gözləməkdədir.

Elxan Məmmədov 1 il öncə ondan məhz Mikayıl İsmayılova yaxınlaşmasına görə incimişdi və hesab edirdi ki, bu, satqınçılıqdır. İndi araları nisbətən düzəlib və Quliyev çalışır ki, balansı qorusun. Ən pis halda isə 1-2 aşağı ranqlı adaınını qurban verib, sudan quru çıxmağa cəhd göstərəcək.

Meymun da suda boğulanda balasını ayağının altına uzadır, deyirsiz, vəzifəpərəst Kamran bəy əyləşdiyi kresloda gözü qalanların zərbəsindən qorunmaq üçün sakit dayanacaq? Ay-hay! Çox hörmətli Quliyev "Neftçi"nin rəhbəri olmaq üçün az şeydən keçməyib! Bilənlər bilir, onsuz da…

Hələlik kölgədə qalan bir namizəd var, hansı ki, heç yerdə adı çəkilmir. O, 3 ildən artıqdır "Neftçi"də çalışan Elnur Eyvazovdur. Düzdür, vitse-prezident səlahiyyətində olan Eyvazovun Quliyevi əvəzləmək kimi bir niyyəti yoxdur, ancaq SOCAR-da çox istəyirlər ki, klubu ona tapşırsınlar.

AFFA-nın baş katibi bu təyinata qarşıdır, cddi müqavimət göstərir və neft şirkətində əyləşənləri inandırmağa çalışır ki, o, bu ağır yükün altına girməyə hazır deyil. Ancaq Mikayıl İsmaylovun gözü Elnur Eyvazovu necə tutubsa, klubda bir problem yaranan kimi bu adın üzərində dayanır.

Bəllidir ki, keçmişi media sektoruna bağlı olan Elnur bəy SOCAR-ın "Neftçi"dəki bir nömrəli simasıdır. Maliyyə sənədləri onun əlinin altındadır, imzası olmadan 1 manat o yan-bu yana gedə bilməz. 2018-ci ilin martında Orxan Hüseynzadənin əməllərini ifşa edən və prezident postundan uzaqlaşdırılmasına səbəbkar olan şəxs odur.

Eyvazov ötən müddət ərzində personasını çirkli işlərdən qorumağı bacarıb, adı pul yeyintisində hallanmayıb. Nə transfer bazarına maraq göstərib, nə də başqa "məşğuliyyətlər"ə. Onun işi sırf SOCAR-ın maliyyəsinə uzanan "əllər"lə mübarizə aparmaqdır və başa düşmək çətin deyil ki, vitse-prezident bu yolda nə qədər əziyyət çəkir və neçə-neçə adama qarşı mübarizə aparır.

Müsbət reputasiyası olan Eyvazovu indiyədək "Neftçi"dən uzaqlaşdırmağa cəhd göstərənlərə rast gəlmişik. Heç biri məqsədinə çatmayıb, ancaq bu cəhdlər yenə var və onu gözdən salmaq üçün bəzən klubun özündən mətbuata müxtəlif dezinformasiyalar ötürülür. "Tikanlıqda bir gül" də həmin bədxahlara çox görünür və "başını əkmək" üçün bütün iyrənc vasitələri nəzərdən keçirirlər.

Biz bilənləri, təbii ki, Mikayıl İsmayılov, Cəbrayıl Cəbrayılov və SOCAR-da mənsəb sahibi olan digər önəmli fiqurlar da bilir. Ona görə də Elnur Eyvazovu daha üst vəzifə ilə mükafatlandırmaq vaxtının çatmasını gözəl anlayırlar. Elxan Məmmədova gücləri çatacaqmı? Yaşayıb görərik.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”