Son 3 ayda “Neftçi”dən ayrılanların sayı 10-a çatıb.
Bu dəfə Kenan Piriç gedənlərin sırasına qoşulub.
Bosniya və Herseqovinalı qolkiperlə klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Balkanlı kiper bunun qarşılığında 6 aylıq maaş miqdarında təzminat alıb. Bu rəqəm də bütövlükdə 150 min dollardan çoxdur.
Ötən ilin yayında "Antalyaspor"dan gəlmiş Kenan Piriç "Neftçi"nin heyətində 29 rəsmi oyun keçirib.
Samir Abasovun istəyi üzərinə Azərbaycana gələn əcnəbi ötən mövsümün son bölümünə - may ayına kimi "1 nömrə" oldu.
Rza Cəfərov və Emil Balayevi ehtiyatda əyləşdirən "əlcək sahibi" bir neçə səhvlə yadda qalınca, Yuri Vernidubun gözündən düşdü.
Baş məşqçi onu Premyer Liqanın axır bölümündə, həmçinin Minsk "Dinamo"su ilə Konfrans Liqasının ikinci təsnifat mərhələsinin oyunlarında meydana buraxmadı
. Bu hal ölkə çempionatının yeni mövsümünün ilk 3 həftəsində də təkrarlandı. Adı klub tərəfindən iştirak ərizəsinə salınmayan qapıçıya bu müdədtdə dəfələrlə təklif olunub ki, özünə başqa komanda axtarsın.
Bosniyalı isə müqaviləsinin 2027-cı ilin yayınadək qüvvədə olmasını əsas gətirərək, birdəfəlik, yaxud icarə əsasında buradan getməkdən boyun qaçırıb.
Pulunu tam almayana qədər yerindən tərpənməyəcəyini söyləyib. «Əvəzedici heyətə gedərəm, amma maliyyə şərtlərində güzəştə getmərəm» deyən kiperi rəsmilər birtəhər də olsa, yola gətirib.
Bakılılar ona qədər Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov, Cordan Rezabala, Ryonosuke Ohori, Ağadadaş Salyanski, İmad Faraj və Alessio Kurçi ilə vidalaşıb.
SPORTİNFO.AZ

