«Neftçi»nin baş məşqçisi Yuri Vernidubun Azərbaycanda ən çox bəyəndiyi hücumçunun kimliyi məlum olub.
Ukraynalı mütəxəssis köməkçiləri ilə dialoqu zamanı onun adını çəkib.
Təcrübəli çalışdırıcı Kamilo Duranı fərqləndirib. O, bu mövsümdən «Qarabağ»ın formasını geyinən kolumbiyalının oyun üslubundan xoşlandığını bildirib.
«Şerif»in sabiq sükançısı cənubi amerikalının yüksək sürətini və qol duyumunu qiymətləndirib. Vernidub onun irəlidə daha çox parlayacağına inandığını söyləyib.
Ötən ilin dekabrından bəri ölkəmizdə fəaliyyət göstərən ukraynalı deyib ki, Duran tipində ön xətt oyunçusunu öz sərəncamında görməkdən məmnun olar.
"Qarabağ" Duranı ötən ilin avqustunda “Portimonense”dən (Portuqaliya) heyətinə cəlb edib. Ağdam təmsilçisi ilə 24 yaşlı kolumbiyalı arasında 3 illik müqavilə imzalanıb.
Həm hücumda, həm də yarımmüdafiənin hər iki cinahında çıxış edən cənubi amerikalı Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış eləyib.
O, Portuqaliyada “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Kolumbiyanın U-20 millisinin də üzvü olub.
Bu mövsüm Çempionlar Liqasında 5, Azərbaycan Premyer Liqasında 8 qol vurub.
SPORTİNFO.AZ


