"Neftçi"li gəncə MƏSLƏHƏT - Futbolçu və insan kimi böyümək istəyirsənsə...

19:00 Neftçi 213
"Neftçi"li gəncə MƏSLƏHƏT - Futbolçu və insan kimi böyümək istəyirsənsə...

"Neftçi" Premyer Liqadakı uğurlu çıxışını Yevlaxda da davam etdirdi.

"Ağ qaralar" adıçəkilən şəhərdə keçirilən matçda "Kəpəz"ə şans tanımadı - 3:1.

Yaxşı oyun keçirən futbolçular arasında Emil Səfərov da yer alırdı.

Start heyətində meydana çıxan orta sahə oyunçusu oyunda olduğu 56 dəqiqədə varlığını ortaya qoya bildi.

Final fitindən sonra Səfərovdan açıqlama almaq istəyimiz təkcə bu oyunda ortaya qoyduğu performansla bağlı deyildi.

Ümumiyyətlə, istəyimiz Yuri Vernidubun gəlişindən sonra komandadakı dəyişikliklər və özünün daha çox oynamaq şansı alması barədə suallara cavab almaq idi.

Amma "7 nömrə" danışmaq istəmədiyini bildirərək dəhlizdən düz keçib getdi.

Normal qarşıladım, hər halda oyunçuların müsahibə vermək kimi məcburiyyəti yoxdur.

Qaydalar miks-zonadan keçməyi tələb edir.

O da buna əməl etdi.

Amma üzərindən bir gün ötəndən sonra futbolçunun mətbuatda çıxan müsahibəsi ortaya yeni suallar çıxardı.

Ay Emil, bəs danışmaq istəmirdin?

Nə oldu "Neftçi"nin avtobusunda danışmaq təbin gəldi?

Ürəyin danışmaq həvəsi ilə aşıb-daşırdısa bəs mənə niyə yalan danışırdın?

Olmaya məhz mənə və ya çalışdığım "Sportinfo" saytına açıqlama verməmək kimi qərara gəlmisən?

Növbəti dəfə müsahibə verməsən də, qarnının dərdini de bilək.

Şükür, bizim üçün müsahib problemi yoxdur.

Sən məni aldadıb gedə bilərsən, amma sənin komanda yoldaşın İqor Ribeyro çox mərifətli şəkildə mikrofon önünə keçib suallarıma cavab verdi.

Bəli, sənin kimi "danışmaq istəmirəm" deyən Bassala Sambu da oldu.

Amma ingiltərəli hücumçu səndən fərqli olaraq mənə "yox" deyib, avtobusda və ya onun kənarında kiməsə ürəyini boşaltmadı.

Kişi kimi "danışmaq istəmirəm" dedi və getdi. Sonra da kiməsə müsahibə vermədi.

Emil Səfərov, sən "Neftçi"yə gələndən səni ən çox müzakirə edən, müdafiə edən jurnalist olmuşam.

Ki, gənc oyunçusan, potensialın var. Ehtiyatda oturan yaşın deyil.

Bundan sonra da belə olacaq. Yalan danışanlardan fərqli olaraq bizim bir əqidəmiz var - düz gördüyünü yazmaq, danışmaq.

Sən də çalış düzəl. Bu yaşından medianı aldatmaq, yalan danışmaq böyüməyinə mane ola bilər.

Həm insan, həm də futbolçu kimi!

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti