"Neftçi"nin müdafiəçisi İqor Ribeyro Premyer Liqanın 20-ci turunda "Kəpəz"i məğlub etdikləri matçdan (3:1) sonra Sportinfo.az-a müsahibə verib.
- Matçla bağlı düşüncələrin necədir?
- Bilirdik, gözləyirdik çətin oyun olacağını. Həftə ərzində bugünkü səfər üçün hazırlaşırdıq. Rəqibi baş məşqçimiz çox yaxşı təhlil etmişdi. Verdiyi tapşırıqları meydanda maksimum icra etməyə çalışdıq. Məncə, bu da bizdə yaxşı alındı.
- Son 6 görüşdə "Neftçi" məğlub olmur. Komandanın tam olaraq özünə gəldiyini demək olar?
- Demək olar ki, tədricən irəli gedirik.
- Qarşıda daha güclü rəqiblərlə oyunlar var. Məğlub etməyə hazırsınız?
- Çempionatda asan oyun yoxdur. Bunu hamımız dərk edirik. Bütün görüşlərə tam ciddi hazırlaşırıq. Düzgün yolda olduğumuzu deyərdim. Oyunumuzla bunu göstəririk. Oyundan oyuna daha yaxşı oynamağa, səhvsiz çıxış etməyə çalışacağıq.
- "Araz Naxçıvan"da daha etibarlı oyunçu təsiri bağışlayırdın. "Neftçi"də həmin İqoru görmürük. Səbəb nədir?
- Bu futbolda normal haldır. Komandanı dəyişirsən. Yeni şərait, yeni atmosfer, yeni tələblər qarşına çıxır. Alışmaq üçün zaman lazımdır. "Araz"da sistem və başqa hər şey fərqli idi. Burada mənim üçün vaxt lazımdır.
XANOĞLAN İMANOV

