Premyer Liqada ardıcıl üç qələbə - bu, «Neftçi»nin aktivindədir.
Çoxdandır belə bir uğurlu seriya yaxalaya bilməmişdilər.
Yuri Vernidubun gəlişindən sonra hər şey olmasa da, çox şey dəyişib burada. Qeydə alınan nəticələr bu mənada qətiyyən təəccüb doğurmamalıdır.
Ayrı-ayrı futbolçuların fərdi inkişafından danışmırıq artıq. Komanda fiziki planda yüksəlişdədir.
Qələbələr sıralandıqca, özünəinam hissi də güclənir, kollektiv daxilində istilik artır, mehribanlıq yaranır.
İndi «Neftçi»də 1 nəfər də top uğrunda mübarizədən yayınmır. Samir Abasovun gedişinin müsbət təsiridir bu: onda 11 nəfərin yarısı meydanda çarpışırdı, yarısı gəzişirdi.
Yevlaxın yeni salınmış süni örtüklü qazonu ideal vəziyyətdə deyil hələ. Meydança ağırdır, top pahat hərəkət eləmir. Ancaq «Neftçi» belə sahədə döyüşməkdən çəkinmədi, hər baxımdan «Kəpəz»i üstələdi.
Bassala Sambu 1 ildən artıqdır «Neftçi»dədir, ən yaxşı dövrünü indi keçirir. İngiltərəli hücumçu Yevlaxda iki qol vurdu, qələbə üçün əlindən gələni əsirgəmədi.
Emin Mahmudov da ondan geri qalmadı. Kapitan dəyişib, qolunda gəzdirdiyi bazubəndə layiq olduğunu sübuta yetirmək üçün hər cür fədakarlıq göstərir.
Son 30-35 dəqiqədə forma şansı qazanan Vensan Abubakar isə ona biçilən rolla barışmaq istəmir. Sambunun ehtiyatında qalmaq reallığı ilə o, uzun müddət barışmayacaq.
Dünən fərqlənmək üçün ayaqlarını yerə möhkəm çırpdı, üç əla epizod yaxaladı, amma neyləsin, bütün hallarda zərbəsi gah tirə, gah dirəyə tuş gəldi.
MUSA

