Özünə gəlməyə çalışan “Neftçi” avrokuboklara vəsiqə qazanmaq üçün əla fürsət əldə edib.
Bundan gözəl şans bir də çətin ələ düşsün.
15-ci turdan bu yana meydana çıxdığı 5 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edən bakılılar vəziyyətini xeyli yaxşılaşdıra bilər.
Qarşıdakı rəqib “Kəpəz”dir. Həmin “Kəpəz” ki, “Qarabağ”la səfər qələbəsindən sonra qalib gələ bilməyib. Yevlaxda əsas rəqiblərindən olan “Şamaxı”ya, Azərbaycan kubokunda “Turan Tovuz”a boyun əyib.
Gəncə təmsilçisinin düşərgəsindəki ab-havanı, “Neftçi”nin dekabr ayında Yevlaxda “Karvan-Yevlax”ı məğlub etdiyini və futbolçular arasındakı səviyyə fərqini nəzərə alsaq, “ağ-qaralar”ın 3 xalı bayram etməsi kifayət qədər real görünür.
Bu, baş versə, xal sayı 30-a yüksələcək.
21-ci turdakı rəqibin adı “Qarabağ”dır.
“Köhlən atlar” sıx qrafikdə mübarizə aparır. Bakı-Şamaxı-Bakı-Şamaxı-Quba-Bakı-Nyukasl reysi futbolçularda istər-istəməz yorğunluğa səbəb olacaq. Qısa müddətdə ardıcıl oyunlar keçirməli olan “Qarabağ”ın Azərbaycan derbisində xal itirməsi kifayət qədər real görünür.
Təbii ki, matç təxirə salınmasa. Yuri Vernidubun rəhbərlik etdiyi kollektivin hazırkı “Qarabağ”dan azı 1 xal qoparması kifayət qədər real görünür.
22-ci turda “Şamaxı”yla səfər qarşılaşmasına şahidlik edəcəyik.
“Neftçi” avrokuboklara vəsiqə qazanmaq istəyirsə, bölgə təmsilçisini məğlub etməlidir. Şamaxı səfəri rəqiblər üçün hər nə qədər qorxulu olsa da, “Kəpəz”, “Sabah”, “Qəbələ” kimi komandalar burada sevinməyi bacarıb. Mümkün 3 xal “ağ-qaralar”ın turnir cədvəlindəki vəziyyətini bir xeyli yaxşılaşdıracaq.
23-cü turda əsas rəqiblərdən olan “Turan Tovuz”la oyun var.
Son vaxtlar inamlı çıxışı ilə diqqət çəkən Tovuz təmsilçisi “Neftçi”nin önünə “Kəpəz”lə kubok qarşılaşmasından sonra çıxacaq. Yorğunluq ehtimalı kifayət qədər yüksəkdir. Bu məqamda oyunun “Palms Sports Arena”da keçirilməsini də diqqətdən qaçırmamalıyıq.
Mövsümün sonunda hədəfə çatmaq istəyən komanda “Turan Tovuz”u məğlub etməlidir ki, iddialılar arasında özünə yer etməyi bacarsın.
Beləliklə, “Neftçi” qarşıdakı 4 oyundan 10 xalla ayrılmağı bacarsa, ən qısa zamanda “4-lük”də yer ala bilər.
Bacarmasa, Vernidub növbəti mövsümün planlarını cızmalı olacaq.
HƏBİB / SPORTİNFO.AZ

