Son 5 oyunda aktivinə 11 xal yazan “Neftçi” növbəti qələbənin arzusundadır.
19-cu turda “Qəbələ” üzərində 1:0 hesablı qələbəni bayram edən “ağ-qaralar” bu dəfə “Kəpəz”in müqavimətini qırmağa çalışacaq.
İlk dövrədə “Palms Sports Arena”da keçirilən matçda bakılılar gəncəlilərin üzərində parlaq qələbə qazanmışdı – 5:1.
Bu dəfəki oyun Yevlaxda baş tutacaq və “Kəpəz” meydana “yaralı aslan” libasında çıxacaq. Bakılılar isə cari mövsümdə ilk dəfə Premyer Liqada ardıcıl 3 matçda qalib gəlməyi hədəf seçəcək.
“Neftçi”nin nigeriyalı yarımmüdafiəçisi İfeanyi Metyu Sportinfo.az-a verdiyi açıqlamada qarşılaşmadən gözləntilərini deyib:
“Hər iki komanda üçün çətin olacaq. “Kəpəz” elitadakı yerini qorumaq üçün xal qazanmağa çalışır.
Biz isə uğurlu qrafiki davam etdirmək istəyirik. Komandada əla ab-hava hökm sürür.
Kollektiv halında nəyə qadir olduğumuzu bilərək daha yaxşı işlər görəcəyimizə inanırıq. Bu, olduqca vacibdir.
Səfərdə, xüsusən də süni örtükdə oynamaq hər nə qədər çətin olsa da, bunun öhdəsindən gəlməliyik.
“Karvan-Yevlax”ı məhz həmin stadionda məğlub etməyi bacarmışdıq. Deməli, eyni nəticəni təkrarlaya bilərik. Yevlaxa qələbə dalınca gedəcəyik”.
Fevralın 15-də Yevlax şəhər stadionunda keçiriləcək oyun saat 14:30-da başlayacaq.
HƏBİB

