«Neftçi»nin baş məşqçisi Yuri Vernidub İmad Farajla ayrıca görüş keçirib.
Tərəflər arasında toplantı 1 saat davam edib. Ukraynalı çalışdırıcı fransalı legionerlə söhbətində ondan gözləntilərini dilə gətirib.
Bildirib ki, komandanın qarşısına avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub və hədəfə çatmaq yolunda onun üzərinə böyük iş düşür.
Fransalı vingerə əsas heyətdə aparıcı rol biçdiyini xatırladan mütəxəssis qeyd edib ki, o, bundan sonra uğur üçün daha çox cəhd göstərməli, əlindən gələnin artığını etməlidir.
59 yaşlı deyib ki, düşərgədə səviyyəsinə güvəndiyi bir neçə futbolçu varsa, biri elə odur.
Sadəcə, fiziki cəhətdən yenə də artırmalı, fərdi oyun tərzindən imtina eləməlidir.
Vernidub komanda oyununa üstünlük verdiyini Farajın diqqətinə çatdırıb, vurğulayıb ki, onun taktiki baxışlarında cinah yarımmüdafiəçiləri mühüm yer tutur - bu mövqedə çıxış edənlər 90 dəqiqə hərəkətdə olmalı, yalnız hücumlarda iştirakla kifayətlənməməli, eyni zamanda, müdafiə planında fəallıq göstərməlidir.
SPORTİNFO.AZ

