“Neftçi”nin veteran futbolçuları – Asif Əliyev və Aydın Ələkbərov “Palms Sports” Futbol Mərkəzində qonaq olublar.
Sportinfo.az xəbər verir ki, klub nümayəndələri ilə görüşən Asif Əliyevə 70, Aydın Ələkbərova isə 60 illik yubileyi münasibətilə xatirə hədiyyələri təqdim edilib.
1956-cı il fevralın 10-da Gəncədə dünyaya gələn Əliyev bir müddət doğma şəhərinin “Tərəqqi” klubunda oynayandan sonra “Neftçi”yə dəvət olunub.
1973-cü ildə SSRİ çempionatının birinci dəstəsində “İnşaatçı” (Aşqabad) klubuna qarşı debüt matçındaca qol vuraraq komandaya 1:0 hesablı qələbə qazandırıb.
Həmin mövsümdə meydana çıxdığı 7 oyunda 2 qol vuran sabuq hücumçu növbəti mövsümdən etibarən əsas heyət üzvlərindən biri olub.
Ümumilikdə, “ağ-qaralar”ın heyətində keçirdiyi 12 mövsüm ərzində 258 oyunda meydana çıxıb, 43 qola imza atıb.1985-ci ildə “Neftçi”ni tərk edəndən sonra 6 il “Kəpəz”in şərəfini qoruyub və 1990-cı ildə karyerasını “Göyəzən”də başa vurub.
Daha sonra məşqçiliyə başlayan Asif Əliyev 1995-2000-ci illər ərzində baş məşqçilər – Kazbek Tuayev, Ruslan Abdullayev və Əhməd Ələsgərovun köməkçisi olub, 1996, 1998, 1999-cu illərdə isə komandanın baş məşqçisi vəzifəsini yerinə yetirib.
1966-cı ildə anadan olan Aydın Ələkbərov isə 5 mövsüm – 1993-1997-ci illərdə “Neftçi”nin şərəfini qoruyub.
Bu müddət ərzində 130 rəsmi matçda meydana çıxan sabiq müdafiəçi 1996 və 1997-ci illərdə “Flaqman”la Azərbaycan çempionatının, 1995 və 1996-cı illərdə isə ölkə kubokunun qalibi olub.

