«Neftçi»nin baş məşqçisi Yuri Vernidub heç bir futbolçuya əvəzedici gözüylə baxmır.
O, bu barədə komanda üzvləri ilə söhbətində bildirib.
Ukraynalı mütəxəssis avrokuboklara vəsiqə qazanmağın yeganə yolunun Premyer Liqadan keçdiyini qeyd edib, hamının bu məqsəd ətrafında birləşməli olduğunu deyib.
Təcrübəli mütəxəssis söyləyib ki, o, oyunçular arasında fərq qoymur, kimləri fiziki və psixoloji cəhətdən daha hazırlıqlı görürsə, onları da əsas heyətə daxil edir.
«Hər biriniz mənim üçün ilk «11-lik» üzvüsüz. İndiyədək işlədiyim heç bir komandada ayrı-seçkilik hallarına yol verməmişəm və verməyəcəm.
Ad mənə heç nə demir. Mən məşqə və oyuna baxıram.
Hansı futbolçunun necə çalışdığını görürəm. Sevinirəm ki, son vaxtlar hamının üzü gülür.
Əsas heyətə düşməyə həvəs göstərirsiz. Heç kim istəmir ki, ehtiyatda qalsın.
Bu, çox yaxşı haldır. Belə davam etməliyik.
Qarşımza qoyulan məqsədə birlikdə çatacağımıza indi daha çox inanıram» - 59 yaşlı sükançı firini bu cür ifadə edib.
2026-cı il paytaxt təmsilçisi üçün yaxşı başlayıb. «Zirə» ilə qolsuz heç-heçə edən kollektiv «Araz-Naxçıvan»ı 4:0, «Qəbələ»ni 1:0 hesabıyla üstələyib.
Beləcə, Premyer Liqanın son 3 turunda 7 xal toplayan «ağ-qaralar» turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. Onlar 6-cı sıradakı «Araz-Naxçıvan»la eyni xala (27) malikdir.
SPORTİNFO.AZ

