“Neftçi” yeni ildə ilk transferini gerçəkləşdirdi.
Vaxtilə Braziliya, Səudiyyə Ərəsbistanı, Malta kimi ölkələrdə top qovan, sonuncu iş yeri “Etnikos” (Kipr) olan braziliyalı yarımmüdafiəçi paytaxt təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqavilə bağlayıb.
27 yaşlı braziliyalı orta sahə oyunçusudur. Hücumçu mövqeyində oynamaq bacarığı ilə seçilsə də, ona doğma olan mövqe yarımmüdafiənin sağ cinahıdır.
Breno oyun üslubu və topla davranışları ilə Braziliya millisinin sabiq futbolçusu Rivaldonu xatırladır. 1998-ci ilin dünya çempionu kimi solaxaydır, topla rəftarı göz oxşayır, texnikası hesabına rəqibləri çaş-baş salır, uzaq məsafədən dəqiq zərbələrə sahibdir.
Xüsusən əks-hücumlar zamanı təhlükəli görünən “ağ-qaralar”ın “33 nömrə”si sürətinə görə xüsusi seçilməsə də, texnikası ilə fərq yaratmağı bacarır.
Yetər ki, yanında onu başa düşəcək biri olsun. Əsasən “divar paslaşmaları” zamanı önündə dəhliz açaraq rəqiblər üçün qorxulu yuxuya çevrilir.
Ötürmə verməklə bağlı xəsisliyi yoxdur. Əksinə, qol vurmaq üçün şansı olanda beləndə, rəqib qapısına yol tapa biləcək komanda yoldaşlarını axtarır. Bir çox hallarda rəqibləri özünə qarşı kobudluq etməyə məcbur edir, komandasının xeyrinə cərimə zərbələri qazanır.
Ağlagəlməz ötürmələrin müəllifi olan səbəbkar təkcə ayaqla yox, başla fərqlənməkdə ustadır.
2020-ci ildən bu yana peşəkar karyerası ərzində 100 rəsmi matça çıxan Almeyda 13 qol vurub, 11 məhsuldar ötürmənin müəllifi olub.
Karyerasının ən parlaq dönəmini Kiprdə yaşadığını deyə bilərik. O, “Etnikos”un formasını geyindiyi ilyarım ərzində 47 görüşün iştirakçısı olmaqla 6 qol vurub, 10 assistlə fərqlənib.
“Neftçi”də yarımmüdafiənin sağ cinahında İmad Faraj və Murad Məmmədovun şans qazandığını nəzərə alsaq, Almeyda mövsümün sonuna qədər yəqin ki, orta sahənin mərkəzində şans qazanacaq. Bəlkə də İmadı ehtiyatda oturmağa məcbur edəcək.
HƏBİB / SPORTİNFO.AZ

