Deyəsən, azarkeşlərin arzuladığı "Neftçi" qayıdır...
Premyer Liqanın 19-cu turunda "ağ qaralar" "Qəbələ"ni qonaq etdi.
Matçın ilk hissənin tablosu belə düşünməyə əsas verirdi.
"Ağ qaralar" 2026-cı ildə məğlub olmayan "Qəbələ"yə göz açmağa imkan vermədi.
Yuri Vernidubun komandası davamlı təzyiq edir, aramsız hücumlar qururdu.
Xüsusilə orta xətdə üstünlüyün ələ alınması qonaqların əl-qolunu tam bağlamışdı.
Bölgə klubu fasiləyə 0:1 geridə yollandığı üçün yalnız Rza Cəfərova minnətdar olmalıdır. Gənc qapıçı ən azı 3-4 epizodda komandasını real qoldan xilas etdi.
"Neftçi"nin yetirməsi qış fasiləsində "qırmızı-qaralar"a icarəyə verilib.
O, burada ikinci olmaqdansa, bölgədə birinci olmağı seçdi.
Rza məxsus olduğu klubla görüşdəki performansı ilə həm də Kenan Piriçdən zəif olmadığını əyani göstərmiş oldu.
Amma fasilədən sonra meydanda fərqli "Qəbələ" gördük.
Orta xətdəki boşluqları vaxtında sezən Kaxaber Tsxadadze fasilədəcə öz toxunuşlarını etdi.
Gürcüstanlı mütəxəssisin əvəzetmələri özünü doğrultdu
Oyunu 180 dərəcə qonaqların xeyrinə dəyişdi.
Artıq meydanda ilk hissədəki dominant "Neftçi" yox idi.
"Ağ qaralar" xal itirmədiyi üçün sadəcə şansına minnətdar ola bilər...
Xüsusilə son dəqiqələrdə Prins Ovusunun topu boş qapıya dəqiq vura bilməməsi möcüzədən başqa bir şey deyil.
Bakılılar vacib 3 xal qazandı.
Amma ukraynalı çalışdırıcı qələbələrin ardını gətirmək istəyirsə, mütləq ilk 45 dəqiqədəki oyunu 90 dəqiqəyə yaymağı bacarmalıdır.
XANOĞLAN İMANOV

