Premyer Liqanın 19-cu turunun sonuncu qarşılaşması “Palms Sports Arena”da baş tutacaq.
Avrokuboklara iddialı “Neftçi” elitada qalmaq uğruinda mübarizə aparan “Qəbələ”ni qəbul edəcək.
İlk baxışdan meydan sahiblərinin aşkar favrot olması diqqət çəkir. Lakin detallara varanda, qarşılaşmanın kifayət qədər gərgin keçəcəyini anlamaq mümkün deyil.
Düzdür, Yuri Vernidubun gəlişindən sonra bakılılar məğlub olmayıb. “Sumqayıt” və “Zirə”ylə heç-heçələrin fonunda “Karvan-Yevlax” la “Araz-Naxçıvan” üzərində qazanılan qələbələr “ağ-qaralar”ın əhvalını bir balaca yüksəldib.
Hazırda 24 xalla 7-ci pillədə yer alan “Neftçi” üst pillələrə qalxmaq üçün əla imkan əldə edib. “Qəbələ” üzərində mümkün qələbə 6-cı pillənin sahibinə çevrilməsinə səbəb olacaq. 5-ci yerdəki “Sumqayıt”la xal fərqi 3-ə, 4-cü sıradakı “Zirə”ylə fərq 5-ə enəcək. 3-cü pillədəki “Turan Tovuz”la məsafə 6 xallıq olacaq.
Növbəti turdakı rəqibin “Kəpəz” olduğunu nəzərə alsaq, vəziyyəti daha da yaxşılaşdırmaq üçün əla imkandır.
Ancaq bir əmma var – “Qəbələ” qış fasiləsinə qədər gördüyümüz komanda deyil. Çox dəyişib.
Bölgə təmsilçisi ilk 16 turda da pis təsir bağışlamırdı. Sadəcə məhsuldarlığın aşağı olması və müdafiədə yol verilən kobud səhvlər kollektivi uğurlu nəticədən məhrum edirdi.
Qış fasiləsində heyətini gücləndirən, istədiyi şəkildə hazırlıq keçən “qırmızı-qaralar” yeni ildə məğlubiyyət acısı dadmayıb.
Səfərdə “Şamaxı”ya 4 cavabsız top vuran, “ev”də “İmişli”ni 3:2 hesabı ilə məğlub edən qəbələlilər Azərbaycan kubokunda “Sabah” kimi rəqiblə qolsuz bərabərə qaldı. Həm də səfərdə - “Bank Respublika Arena”da.
İki vacib qələbə ilə xalların sayını 14-ə yüksəldən “Qəbələ” sonuncu yerdəki “Karvan-Yevlax”la 8 xallıq fərq yaratmaqla təzyiqdən qurtulub. İndi daha rahat, daha sərbəstdir. “Neftçi”də isə əksinə, avrokuboklardan kənarda qalmaq qorxusu rahat nəfəs almağa imkan vermir.
İtkiləri də unutmayaq.
“Ağ-qaralar” bu gün meydana iki önəmli futbolçususuz çıxacaq. Müdafiənin əsas siması İqor Ribeyro ilə texnikalı yarımmüdafiəçi Freddi Varqas cəzalı duruma düşüb. “Araz-Naxçıvan”la oyunu xəstəlik səbəbindən buraxan İmad Farajla Cordan Rezabalanın hazırkı durumu da sual doğurmaya bilməz.
“Neftçi”nin xeyrinə işləyən əsas məqam “Qəbələ”nin ötən həftə kubok matçında güc itirməsidir. Belə olduğu halda rotasiyalar qaçılmaz olacaq. Paytaxt təmsilçisi bu baxımdan rahatdır. Dincəlmək və oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtı olub.
Və əsas məsələ, baş məşqçilərin dueli.
Çiyinlərində illərin təcrübəsini daşıyan keçmiş postsovet məkanının iki fərqli ölkəsini təmsil edən Yuri Vernidubla Kaxaber Tsxadadzenin taktika savaşı maraq doğuracaq.
Məhdud büdcə ilə böyük işlər görən gürcü çalışdırıcı ukraynalı həmkarına bacarığına görə vaxtilə Gürcüstan millisini çalışdırmasının, “İnter”i Azərbaycan çempionu etməsinin, “Birlik kuboku”nu Bakıya gətirməsinin boşuna olmadığını sübut etməyə çalışacaq.
Vernidub isə əbəs yerə “Neftçi”yə dəvət olunmadığını göstərmək niyyətindədir.
Qısası, büdcələr, imkanlar və hədəflər fərqli olsa da, iddialı “Neftçi”nin “daş” obrazında “Qəbələ” adlı “qaya”ya rast gəldiyini indidən əminliklə deyə bilərik.
Bu gün “Palms Sports Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

