“Neftçi”nin “qol maşını”: “Onlarla qətiyyən maraqlanmırıq”

8 Fevral 18:10 Neftçi 1 464
“Neftçi”nin “qol maşını”: “Onlarla qətiyyən maraqlanmırıq”

“Araz-Naxçıvan” üzərində qazandığı parlaq qələbə sayəsində (4:0) xal sayını 24-ə yüksəldən “Neftçi”də üzlər gülür.

Növbəti rəqiblər elitada qalmaq uğrunda mübarizə aparanlardır.

“Ağ-qaralar” öncə “Qəbələ”ni öz meydanında qəbul edəcək, daha sonra “Kəpəz”lə oyun üçün Yevlaxa yollanacaq.

“Qəbələ” demişkən, bölgə təmsilçisi qış fasiləsindən sonra Premyer Liqada keçirdiyi iki görüşü qələbə ilə başa vurub, Azərbaycan kubokunda “Sabah”la səfərdə bərabərə qalıb.

“Qırmızı-qaralar”ın hazırkı durumu “Neftçi”dəkiləri narahat etməyə bilməz. Çünki rəqib komanda da Bakıya azı 1 xal dalınca gələcək.

7 qolla bakılıların ən məhsuldar futbolçusu olan ingiltərəli Bassala Sambu çərşənbə axşamı baş tutacaq oyunla bağlı fikirlərini Sportinfo.az-a açıqlamasında dilə gətirib:

“Rəqiblərin adı ilə qətiyyən maraqlanmırıq. Bizi düşündürən əsas məsələ səhvləri aradan qaldırıb, daha yaxşısını etməkdir.

Biz öz oyunumuzu göstərəndən sonra, sizi inandırım, rəqiblər “Neftçi” barədə düşünəcək. Bütün rəqiblərə hörmətlə yanaşırıq – “Qəbələ” olsun, “Sabah”, yaxud “Qarabağ”.

Lakin məqsədimiz hər zaman olduğu kimi 3 xaldır. İnşallah, yekunda istəyimizə çatarıq. Bunun üçün kifayət qədər potensialımız var”.

Fevralın 10-da “Palms Sports Arena”da baş tutacaq oyunun start fiti saat 19:00-da çalınacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti