Regekampf "Neftçi"yə çempionluq üçün gətirilməsindən xəbərsizdir?

8 Avqust 2022 15:00 Neftçi 1 671
Regekampf "Neftçi"yə çempionluq üçün gətirilməsindən xəbərsizdir?

Lorentsiu Regekampf Şamaxıda «odla oynadı».

Bütün ağlını Konfrans Liqasının «Rapid»lə cavab matçına verən rumıniyalı baş məşqçi əyalət səfərinə barmaqarası yanaşdı.

Demək olar ikinci heyətə üstünlük verdi və bu, az qala Premyer Liqanın ilk turunun sensasiya ilə bitməsinə səbəb olacaqdı.

Ölkədaxili ilk rəqibə yuxarıdan-aşağı baxmayan Regekampf, sadəcə, «Şamaxı»nı tanımırdı.

Ev sahtbləri haqda ona nə söyləmişdilərsə, təsəvvüründə formalaşdırdığı rəy əsasında start «onbirliyi»ni müəyyənləşdirmişdi və yalnız ikinci hissənin ortasında başa düşdü ki, ey dadi-bidad, «Şamaxı»dan çəkinməyə dəyməzmiş, ürəkli olmah lazımdır, yoxsa Premyer Liqada debüt korlanacaq.

Rumıniyalı əsas heyət üzvlərindən bir neçəsini meydana yola salandan sonra «Neftçi» canlandı və rəqibin gənc qapıçısının kabud səhvi ilə səfər 3 xalını qopardı.

Əkbər Vəliyevin xətasıyla arzusuna çatan «Neftçi»nin oyunu, məşqçinin yanaşması, əlbəttə ki, istər rəhbərliyi, istərsə də azarkeşləri narahat etməyə bilməz.

Konfrans Liqasında ikinci mərhələni adlamaq əla olardı, lakin Premyer Liqaya ötəri münasibət yolverilməzdir.

Regekampfın ixtiyarında kifayət qədər futbolçu var, fəqət, onları birinci və ikinci heyətə bölmək, aparıcı sima gözüylə baxdığı fiqurları istirahətə çəkmək «Rapid»dən qorxmaq deməkdir.

Halbuki Premyer Liqada çempionluq uğrunda mübarizə aparmaq yeni çalışdırıcının ümdə vəzifəsidir və bu yolda planlaşdırılmayan istənilən xal itkisi sonda komandaya qurşaqdan aşağı zərbə endirəcək.

Bundan sığortalanmağın çarəsi bütün rəqiblərə ciddi münasibət bəsləməkdir. Regekampfda görmədik onu.

Yenə sağ olsun, futbol mələyi, üzünə, gözünə bulaşdırmağı önlədi!

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti