
Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün açılış oyunu “Dalğa Arena”da baş tutacaq.
Gəncə şəhər stadionunda çempionat matçını keçirməyə icazə verilmədiyindən, bölgə təmsilçisi nominal meydan sahibi rolunda “Zirə”ni “Dalğa Arena”da qəbul edəcək.
AFFA-nın tapşırığı ilə PFL-in verdiyi məlum qərar Gəncə futbol ictimaiyyətində ciddi narazılığa səbəb olub.
Veteranlar üsyan etməyi özlərinə borc bilməsə də, azarkeşlər sosial şəbəkələrdə müxtəlif fikirlər bildirir. Narazılıq göz qabağındadır.
Bunu nəzərə alan klub rəhbərliyi futbolsevərlərin könlünü almaq üçün bugünkü oyunda gəncəli fanatların görünməsini məqsədəuyğun sayıb.
Belə ki, səhər saatlarında Gəncədən 2 dolu avtobus Bakıya doğru yön alıb. Nəqliyyat vasitəsi azarkeşlərə pulsuz ayrılıb. Deyilənə görə, səfər planına qidalanma da daxildir.
Gəncədən gələnləri və Bakıda yaşayan gəncəliləri nəzərə alsaq, “Dalğa Arena”da 150-yə yaxın azarkeşin “Kəpəz”i dəstəkləyəcəyini təxmin edə bilərik.
Əliyar Ağayevin idarə edəcəyi “Kəpəz” – “Zirə” dueli bu axşam saat 19:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ