"Neftçi"dəki yeni təyinatın gətirdiyi NARAHATLIQ

22 İyun 2022 19:00 Neftçi 1 606
"Neftçi"dəki yeni təyinatın gətirdiyi NARAHATLIQ

"Neftçi" nəhayət, dünən yeni baş məşqçinin adını ictimaiyyətə açıqladı.

Komandanı qarşıdakı iki ildə rumıniyalı mütəxəssis Laurensiu Regekampf çalışdıracaq.

Daha dəqiqi, onunla bu müddətə müqavilə imzalanıb. Təbii ki, müqavilənin sonuna qədər qalıb-qalmayacağı birbaşa nəticələrdən asılıdır.

Bəs ilkin proqnozlar nə deyir? Açığı, heç də ümidverici görüntü yoxdur.

Əvvəla, Yuri Vernidub, Ərtoğrul Sağlam, Roman Qriqarçuk kimi adlardan sonra heç kim rumıniyalı mütəxəssisin gələcəyini ehtimal etmirdi. Yəni tam da yaxından tanıdığımız və ya məşhur bir sima deyil.

Ancaq CV-si üzərindən nəsə danışmaq mümkündür. Ki, aşağı-yuxarı bu nöqtədən götürülən əsaslar da eynidir.

Adam ən böyük uğuru nə az-nə çox 9 il əvvəl Avropa Liqasının 1/8 final mərhələsinə yüksəlmək olub. Ondan sonra bir dəfə - 2016-cı il Rumıniya kubokunu başı üzərinə qaldıra bilib. Məhz bu uğuru kənara qoysaq, son 9 ildə bütün fəaliyyətinin Səudiyyə Ərəbistanı və BƏƏ ilə bağlı olduğunu deyə bilərik.

Hə, adıçəkilən ölkələrdə uğurları olub, amma etiraf edək ki, həmin uğurlar elə də ciddi qəbul olunmur.

Əslində Regekampfla bağlı yaranmış ümidsizlik də məhz karyerasının son illərdəki bölümü ilə bağlıdır. Məsələn, 2014-2016-cı illər aralığında "Neftçi"yə gəlsə, daha iddialı danışmaq mümkün idi. İndi isə "Neftçi"nin gələcəyinə ümidli olmaqdan çox, bir bədbinlik var.

Eşalonla əcnəbi gətirməyə meyilli rumınlar kimi görəsən, o da "ağ qaralar"da həmyerlilərinin ənənəsinə sadiq qalacaqmı?

Bundan başqa "Neftçi" 47 yaşlı mütəxəssisin son 8 ildə başına keçdiyi 8-ci klub oldu.

Və heç birində tamı-tamına 2 il çalışmayıb. Hətta 1 ay, 4 ay, 6 aylıq qısa müddət çalışdırdığı klublar da olub. Bu, kifayət qədər qorxulu statistikadı. Bir sözlə, uzunmüddətlilik üçün yaramadığı görüntüsü var.

Düzdü, narahatlıq üçün səbəb verən yetəri qədər faktlar var. Amma istənilən halda ən azı bir müddət gözləmək, izləmək mütləqdir. Əsl həqiqət, mahiyyət və məqsəd məhz onda öz çılpaqlığı ilə üzə çıxacaq. İlk sınağa isə cəmi bir ay vaxt qalır...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti