İtaliyalı məşhurun bir ayağı "Neftçi"də – Abasovun 20 min dərdi

28 Noyabr 2021 11:40 Neftçi 2 744
İtaliyalı məşhurun bir ayağı "Neftçi"də – Abasovun 20 min dərdi

Bir müddət sonra «Neftçi»də yeni mərhələ başlayacaq.

Axır həftələrdə cərəyan edən hadisələr bunu deyir.

Klub rəhbərliyi ilə Samir Abasovun münasibətlərinin korlanması meydana sirayət edib, hər şey yaşıl sahədə görünür.

Premyer Liqanın ötən 3 turunda xal üzünə həsrət qalan komandanın dünən «Səbail»ə qalib gəlməsi uğursuzluq zolağının arxada qalması kimi qəbul edilməməlidir.

Dünənki «Səbail»i məhlə uşaqlarıyla da udmaq olar. Gəlin, özümüz özümüzü aldatmayaq. Yəqin ki, Samir Abasov da xam xəyal dənizində üzməyə hazırlaşmır.

Gedəcəyini hiss edir. Çox da ki, «vecimə deyil» söyləyir. Bu, dildə deyilən sözdür, ürəyindən keçənlər başqa şeydir.

Hansı məşqçi ilin-günün bu vaxtında ayda 20 min manatından imtina edər? Ailə var, bu qədər pulu heç 1 il ərzində qazana bilmir.

Klubun Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov sosial şəbəkə üzərindən onu aşağılayanda, Samir Abasovun verməli olduğu yeganə cavab istefa ərizəsi yazmaq idi.

Gəl ki, o, nə «Qarabağ»la derbidəki biabırçıq hesabdan, nə də ondan sonrakı iki məğlubiyyətin ardından ondan gözlənilən addımı atdı. Paltardəyişmə otağında söylədiyi sözlər də hələ futbolçuların qulaq və göz yaddaşından silinməyib.

Samir Abasovu Valter Zenqa ilə əvəzləməyə hazırlaşırlar. Hər halda yönəticilər belə bir niyyətlə yaşayırlar və günlərin birində 61 yaşlı italyanı burada görəcəklərinə ümid bəsləyirlər.

Günlər öncədən Azərbaycan ilə İtaliya arasında telefon rabitəsi yaradılıb və təbii ki, bu, boş-boşuna deyil, yeni və ciddi məqsədə xidmət eləyir.

Zenqa ölkəsinin ən tanınmış məşqçilərindəndir, sayılıb-seçilən klubları çalışdırıb, vətənindən xeyli uzaqlarda işləməyə də imkan tapıb. Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə gedən Zenqanın Azərbaycana gəlməyə həvəs göstərməsi təəccüb doğurmamalıdır.

1 ildən artıqdır boş-bekardır və «Neftçi»nin təklifi istər-istəməz onu maraqlandırır. Roberto Bordinə illik 250-300 min dollar ödəyən Bakı klubunun onun həmyerlisinə ikiqat artıq maaş ödəməyə gücü çatar.

Hər halda «Neftçi» başbilənlərinə Zenaqın nüfuzu daha cəlbedici gəlir və yeni macəradan ötrü istənilən miqdarda pul xərcləyəcək qədər «əliaçıqdırlar».

Samir Abasov bunu deyir ki, «Neftçi»dən getsə belə, gündəmi tərk etməyəcək, adı müxtəlif klublarla yanaşı hallanacaq, vakant postlara namizəd göstəriləcək.

Amma özü də əmin deyil ki, namizəd göstəriləcəyi komandalardan birinə həqiqətən dəvət alacaq, şərtləri razılaşdıra, sonda müqavilə imzalaya biləcək.

Yoxdur onda bu arxayınlıq. Əvvəla, əli indiki kimi pulla oynamayacaq. İkincisi, gedəcəyi yer «Neftçi» kimi iddialı olmayacaq. Üçüncüsü, bu dərəcədə sərbəst çalışmaq fürsəti qazanmayacaq.

Samir Abasov bütün bunları gözünün önünə gətirdiyindən, «Neftçi»də bacardıqca çox qalmağı qarşısına məqsəd qoyub. Ona görə, pul şirin şeydir ey, çox şirin!

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"