COP29

Samir Abasov "Neftçi"nin futbolçularını tapançaya oxşatdı

28 İyul 2021 23:20 Neftçi 1 141
Samir Abasov "Neftçi"nin futbolçularını tapançaya oxşatdı

“Məğlubiyyətdən sonra nəsə demək çətindir".

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının II təsnifat mərhələsində “Olimpiakos”a qarşı keçirilən cavab oyunu barədə danışarkən deyib.

Pireydə olduğu kimi, Bakıda da rəqibinə məğlub olan (0:1) Azərbaycan çempionu bu turnirlə vidalaşıb. Oyundan sonra təşkil edilən mətbuat konfransında Abasov bunları deyib:

- Yaxşı oyuna baxmayaraq, turnirdən kənarda qalmaq çətindir. Ruhumuzu hər iki oyunda ortaya qoyduq. Uşaqlar sağ olsunlar. Çətinliklərlə bura gəlib çıxdıq. Ən azı Çempionlar Liqasından üzüqara çıxmırıq. Sərgilədiyimiz oyun, göstərdiyimiz ruh yaxşı idi. Hər iki mərhələdəki matçlarda xatrakter göstərdik. Bu cür rəqib önündə oynamaq cəsarət tələb edir.

- Bu gün bərbad görünən Ömər Buludovun vəziyyəti dünən necə idi və hansı ümidlərlə onu meydana buraxmışdınız?

- Futbolçular bu cür oyunlarda böyüyür. Əgər böyümək istəyirsə. Hansısa futbolçu "mandraj"da oynayacaqsa, deməli, onun həyatı da "mandraj"da keçəcək. İlk oyundan sonra "niyə Ömər oynamadı" deyənlər, niyə əksini deyirlər. Futbolçudur, həyəcanlı oldu. Bunun da ucbatından qol buraxdıq. Onun özü üçün də təcrübədir. İnşallah, yavaş-yavaş keçər. Onu səhvinə görə əvəzləmədim. Sadəcə, ayağı ağrıdı. Bu, bəlkə də, "mandraj"dan qaynaqlandı. Bir oyunçu əvəzlənmək istədisə, ayağının ağrıdığını dedisə, onu əvəzləməliydik. Tanıdığım Ömər yalan danışmaz. Bizim borcumuz futbolçuya motivasiya verib, oyuna çıxarmaqdır. Hansısa futbolçu "mandraj"la çıxıbsa, günah onda yox, məşqçidədir. Deməli, məşqçi onu lazımi qədər oyuna kökləyə bilməyib. Təəssüf ki, Ömərdə bu baş verdi.

- Hücumçusuz qalan "Neftçi"nin gələcək oyunlardakı vəziyyətini necə izah edərdiniz?

- Əlimizdəki oyunçularla çıxıb oynayacağıq. Hücumçu olmadığı halda baş məşqçi kimi sistemdə bəzi dəyişikliklər etməlisən. Ən azı oyunçuları bu ruhda meydana çıxarmalıyıq. Bu təcrübə ilə futbolçuların artıracağını düşünürəm. Tapança-tüfənglə tankın qarşısına çıxmaq çox çətindir. Bu, bir dəfə alınar. Hansı turnirdə nə qədər irəliləyəcəyimizi zaman göstərəcək.

- Azarkeşlər oyundan sonra komandanı 10 dəqiqə alqışladılarsa, deməli, oyundan razı qaldılar. Digər turnirdə komandanı motivasiya etmək çətin olmayacaq?

- Bu mənə heç vaxt çətinlik yaratmayıb. Bu artıq şərtdir, heyəti gücləndirməliyik. Bunun nə zaman baş verəcəyi ilə bağlı tutarlı cavabım yoxdur. Azarkeşlər bu enerjini daim alsınlar, komandaya inansınlar. Biz də onların bu inamını itirməməyə çalışmalıyıq. Ən azı bu ruhda, motivasiyada əlimizdəki heyətlə oyunlara hazırlaşmalıyıq.

- Mamadu Mbodju son 15 dəqiqədə hansı keyfiyyətinə görə hücumda oynatdınız?

- Cinahlardan asmalar edilirdi, Mbodj özü hücuma keçmək istəyirdi. Hesabın 0:1 və ya 0:2 olmasının fərqi yox idi.

- Tapança-tüfəngi tanka çevirmək üçün rəhbərlik dəstək olmalıdı?

- Transfer haqda daha danışmayacağam. Çünki tutarlı cavabım yoxdur. İnşallah, tezliklə buna cavab olar.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!