
"Sabah"ın sabiq yarımmüdafiəçisi, hazırda Belarusun "Qomel" klubunda çıxış edən Vitali Kvaşuk geniş müsahibə verib. Sportinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan ukraynalı futbolçu maraqlı fikirlər səsləndirib.
- Vitali, ötən mövsüm bu qədər qol vurmamışdın. Burada isə fərqlənirsən. Yerli çempinatda 14 qol vurmusan və bombardir olmaq üçün hər cür şansın var. Nə dəyişdi ki, məhsuldarlığın bu qədər artdı?
- Bunu çoxları məndən soruşur. Özümü psixoloji baxımdan dəyişdirdim. Sadəcə, Belarusda həyat tərzi bir qədər fərqlidir. İnsanlar sakitdir, bir az da qapalıdırlar. Bax, mən də bir az onlar kimi olmuşam. Haqqımda pis nəsə deməsələr, heç kimə qarışmıram və üzərimə məsuliyyət götürmürəm. Bu, əvvəllər mənə mane olurdu. Kiyevə gedəndə yoldaşım sual verdi: "Sənə nə olub? Sanki, başqa bir insan olmusan". Sonra Deviçlə birlikdə Azərbaycanda, "Sabah"da oynadım. Və daha böyük psixoloji çuxura düşdüm. Amma bunun öhdəsindən gəlməyimə kömək edən insanlar tapdım, başımı qaldırdım və hər şeyə yenidən başladım. Özüm oldum və hər şeyi unutdum. Deyim ki, Messi kimi komandanın yarısını aldadıb, qol vurdum. Xeyr, sadəcə, özümə inandım. Məncə, dönüş nöqtəsi məhz bu oldu.
- Azərbaycanda necə peyda oldun?
- Agentim zəng vurdu və dedi ki, Azərbaycandan mənimlə maraqlanan insanlar var. Məşqçi və klubun prezidenti mənimlə əlaqə saxladı, danışdıq, hardasa nəyisə başa düşmədik, amma getdim və müqavilə bağladım.
- Azərbaycan çempionatının reqlamenti qəribədir? 8 komanda 4 dövrə oynayır...
- Orada həqiqətən kef elədim. İnfrastruktur, top-otellər, əla şərait, futbola düzgün yanaşma... Bakı möhtəşəm şəhərdir. Sükan arxasında sürətli sürməyi xoşlayıram. Bu şəhər əsl mənə görə idi. Bu mənada, özümü suda balıq kimi hiss edirdim.
- 8 komandadan 5-i Bakını təmsil edir. Futbolun kütləviləşməsi üçün bu, qorxunc vəziyyətdir?
- Bizim üçün əla idi (gülür). Böyük Ukraynadan sonra ora super idi. Çempionatın inkişafı üçün isə pul lazımdır. Özəl klublarda hər şey yaxşıdır. Digərləri isə belə də...
- Həyatının bu mərhələsindən razısan?
- İlk oyuna hücumçunun arxasında başladım və yaxşı oynadım, haqqımda müsbət fikirlər səsləndi. Sonra əksinə, oyunu korladım və məşqçi (Elşad Əhmədovu nəzərdə tutur-red) ilə dialoq başladı. Mənə səhvlərimi göstərdi. Uduzurduq, mənə deyirdi ki, çox top itirirsən. Ağıllı oğlanam, o dəqiqə bunu dayandırmalı, pas verməli və topu özümdə saxlamalı olduğumu başa düşdüm. Növbəti matçda bunların hamısını reallaşdırdım. 2:0 hesabı ilə qalib gəldik. Məşqçi isə mənə yaxınlaşdı və dedi: "Mən sənə dedim axı, müdafiəçiləri keçməyə çalış". Mən isə cavabımda ona "Siz axı mənə dediz ki, topu itirmə. Birəbir oynamaq potensial top itkisi deməkdir" söylədim. Qəddini bükərək, dedi: "Mən sənə dedim, qışqırdım ki, onları keç".
- Sonra nə etdin?
- Mübahisə etməyə başladıq. Onu başa düşə bilmirdim. Komanda və mən yaxşı oynayırdıq. Məşqçi ilə ağızlaşmaq isə mənasız idi. Çünki özünü çox dəyərli hesab edirdi. Belə hallar demək olar, hər matçdan sonra olurdu. Belə bir psixoloji gərginliyə düşmüşdüm. Başa görə ayaqlar əziyyət çəkirdi. Daim təzyiq vardı və mən bununla bacarmırdım. Sonra düşündüm ki, məni niyə bura gətiriblər? Düzdür, hücumdakı fərdi bacarıqlarıma görə. Mən isə bunu edə bilmirdim. Çünki məşqçi əksini istəyirdi. Məşqlərin birində özünü yaxşı aparmadı, mən də cavabını verdim. Ona əbədi itaət etməyəcəkdim. Prezidentlə görüşdüm və qərara gəldik ki, ən yaxşısı, komandanı dəyişim.
- "Sabah"ın prezidenti Deviçin transferində səninlə məsləhətləşmişdi?
- Bəli, belə bir şey olmudşu. Açığı, mən özüm də gözləmirdim. Prezident bizimlə toplanışa gəldi, mənə yaxınlaşdı və soruşdu: "Vitali, necə düşünürsən, Marko Deviç bizim komandaya gələr? Onunla danışmaq istəyirik". Mən isə bildirdim ki, belə bir şansınız yoxdur, o, bura gəlməz. O isə söylədi ki, yenə də yoxlayacaqlar. Prezident əla və açıqsözlü insandır. Görünür, necəsə yola gətirə biliblər. Deviç gələndə təəccüblənmişdim.
- Özünü Tanrıdan sonra birinci şəxs hesab edirdi?
- Komandanın, hətta çempionatın əsas ulduzu idi. Görünüşcə sadədir, digər tərəfdən isə adam oynadığı bütün klublarda normal çıxış edib. Məşqləri buraxmırdı, hətta sonra fərdi qaydada hazırlaşırdı. 35 yaşdan sonra hamımız geriləyirik, o isə fitnessə gedir, raket kimi qaçır, müdafiəçiləri təxribata çəkir, vitamin qəbul edir, bir sözlə, əsl peşəkardır. Sonra isə qol vurmağa başladı. Yeri gəlmişkən, həqiqətən Ukraynanı çox sevir. Yadımdadır, Ukrayna Serbiya ilə oynayanda ona yazmışdım: "Marko, bu gün kimə azarkeşlik edirsən?". Cavabında "dostluğa" demişdi.
- Müsəlmanlar arasında necə yaşayırdın? Qəribə hallar olurdu?
- Olurdu. Çiməndə lasin və ya alt paltarında olmağı xahiş edirdilər. Tamamilə lüt çimmək olmazdı. Kapitan (Cavid İmamverdiyevi nəzərdə tutur-red) mənə hər şeyi izah etmişdi, mən də problemsiz razılaşmışdım. Komandadakı uşaqların çoxu gündə 3-4 dəfə namaz qılırdı. Komandadakıların bir çoxu 3-4 dəfə "Qurani-Kərim" oxuyurdu.
Tərcümə etdi: Elnur SALAHOV