“Çelsi” ilə ev matçına hazırlaşan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov maraqlı açıqlamalar verib.
Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis “Çelsi"nin baş məşqçisi Enzo Mareskanın bir neçə gün əvvəl beşli müdafiəyə qarşı oynamalarının onlara çətinlik yaratması ilə bağlı fikrinə münasibət bildirib.
Jurnaliston "Qarabağ"ın beşli müdafiə oynamaqla rəqibinə sürpriz edə bilərmi” sualına cavabında Qurban Qurbanov deyib:
“Mareska bəlkə də nəsə əldə etmək üçün belə bir fikir bildirib. Çünki "Çelsi" kimi böyük komandaların yalnız sıx qrafikə görə problemləri ola bilər. Bəzən futbolçu yorğun olanda öz potensialını tam üzə çıxara bilmir”.
Taktiki yanaşma məsələsinə toxunan Qurban Qurbanov komandasının oyunun gedişində rəqibi gözlənilməz qərarla təəccübləndirə biləcəyini də istisna etməyib.
“Mən hazırda beşli müdafiə ilə oynamağı xoşlamıram. Futbol isə bizim kimi komandalara beşli müdafiəni tələb edir.
Mən həmişə bildirmişəm ki, biz indiyədək qazandığımız uğurları öz sistemimizə görə bacarmışıq. Bəzi matçlarda müdafiəyə meyilli oyunu, bəzilərində dağıdıcı futbol qurmaq olar.
Lakin belə halda uzunmüddətli uğur əldə etməyi görmürəm. Hə, elə komandalar var ki, beşli müdafiə ilə dominant futbol oynayır.
Bu, başqa məsələdir. Amma bu gün "Çelsi"nin qarşısını beşli müdafiə ilə almağı düşünməmişəm. Amma oyunun gedişatında düzülüşdə müəyyən dəyişiklik etmək olar.
Bəlkə də sırf müdafiəçi ilə yox, hücumçu ilə. Hazırda fikrimi tam ifadə etməyəcəyəm”.

