
“Şamaxı”nın növbəti mövsümdə necə təsir bağışlayacağı çoxlarına maraqlıdır.
Heyətlə bağlı köklü dəyişikliklər edərək legionerlərlə gənc futbolçuların sintezindən kollektiv quran Ayxan Abbasov ciddi riskin altına girib.
Lakin təcrübəsi və Premyer Liqaya yaxından bələd olması ona bu işdə kömək edə bilər.
Abbasovla ötən həftə istirahət məqsədilə yollandığım Qəbələdə görüşdük. “Şamaxı”dan başlayıb, eyni zamanda rəhbərlik etdiyi U-21 millimizlə bağlı suallarla yekunlaşdırdıq.
- İşləriniz düşündüyünüz plan üzrə gedir?
- İyulun 5-dən bir araya gələrək məşqlərimizi davam etdiririk. Bu müddətdə “Qəbələ”ylə yoldaşlıq görüşü keçirmişik. Yayda istirahət müddəti çox olur deyə, futbolçular idman formasından uzaqlaşır. Qəbələdə hazırlıq keçməyimizin üstün tərəfi burada hava şəraitinin və meydançalarının durumunun yaxşı olmasıdır. İnanıram ki, iyulun 26-na qədər komanda üzvləri tam istədiyimiz formada olacaq.
- Bu gün sizi narahat edən nəsə var?
- Narahat edən məqamlar çoxdur. İlk növbədə heyətimizin say baxımından yetərli olmamasını qeyd edə bilərəm. Digər tərəfdən, kollektivə yeni qoşulan futbolçuların uyğunlaşmasına müəyyən qədər vaxt lazımdır. Bəzi gənclər var idi ki, onları “Şamaxı”da görmək istəyirdim. Lakin gətirə bilmədik. Müəyyən çətinliklər var.
- Komandanın komplektləşdiyini demək olar?
- Tam yox.
- Yeni futbolçular gözlənilir?
- Legioner mövzusu qışa qədər bağlanıb. Ötən ilki heyətdən dörd nəfər qalmışdı, beş futbolçu da yayda bizə qoşuldu. Maddi baxımdan büdcəmiz daha artığını etməyə imkan vermir. Bəlkə də gənclərlə güclənə bilərik.
- Klublara ayrılan illik 3 milyon manatın 2,5 milyon manata düşməsi yəqin ki, “Şamaxı”nın planlarına da ciddi təsir etdi.
- Əlbəttə. Ötən mövsüm 3 milyon manatdan əlavə Belajdi Pusinin transferindən və UEFA-dan gələn vəsaitlərlə komandanı ayaq üstə saxlamağı bacarmışdıq. İndi də məcburuq büdcəyə uyğun hərəkət edək.
- Həmin 6 komanda arasında “Şamaxı” var?
- Xeyr. Bu gün ilk “6-lığ”a düşmək bizim üçün çətindir.
- Belə çıxır ki, möqsədiniz yenə elitadakı yeri qorumaq olacaq?
- Bu gün hər bir məşqçinin, futbolçunun, klub rəhbərinin arzusu komandanı yüksək yerlərdə görməkdir. Düzdür, bəzən sürprizlər olur. Məsələn, büdcəsi zəngin olan klub yekunda istəyinə çatmır. Ya da “kasıb” klub avrokuboklara vəsiqə qazanır. Real baxsaq, avrokuboklarda iştirak imkanı əldə etmək “Şamaxı” üçün çətin olar. Bu dəfə təkcə nəticəni yox, həm də yerli gənclərin daha çox şans qazanaraq inkişaf etməsini düşünürük.
- Abdullahi Şuaybu məşqlərdə iştirak etsə də, transfer xəbərini açıqlamırsınız. Səbəbini bilmək olar?
- Şuaybu bizimlədir. Əvvəldən razılığımız olub ki, toplanışın gedişatına əsasən öz fikrimizi deyəcəyik. Çox güman onunla müqavilə bağlanacaq.
- Son illərdə seleksiya işində öncüllərdən hesab olunursunuz. “Turan Tovuz”a və “Şamaxı”ya cəlb etdiyiniz legionerlər adından söz etdirməklə yanaşı, sonradan başqa klublara satılmaqla pul qazandırıb. Yenilənmiş “Şamaxı”da həmin tapıntılar gözlənilir?
- Hər bir məşqçi seleksiya işində uğurlu olmaq istəyir. Sadəcə, bizim Premyer Liqa ağır çempionatdır. Bəzən əla karyeraya malik futbolçu gəlib burada uğurlu olmağı bacarmır. Uyğunlaşa bilmir, ya hansısa mənada çətinlik çəkir. Düzünü desəm, bu il transferlərlə bağlı daha ümidliyəm. Karim Rossini çıxsaq, digər legionerlərin yaşı çox deyil. Bunu nəzərə alaraq onlarla 2 illik müqavilə bağlamışıq.
- Min bir əziyyətlə futbolçuları axtarıb tapırsınız və bir müddətdən sonra həmin oyunçular başqa klublara keçir, yaxud satılır. Bu, sizi xoşbəxt edir, yoxsa əksinə, məyus olursunuz?
- Əlbəttə, bizimlə davam etmələrini istəyərdim. Tanıdığım futbolçu ilə davamlı işləmək bir məşqçi olaraq mənim üçün rahatdır. Digər tərəfdən buna normal yanaşıram. Futbolçu karyerası uzun deyil. Onlar da gələcəyi düşünərək daha yaxşı qazanmaq, iddialı komandada oynamaq istəyir.
- Eyni anda həm U-21-də, həm də “Şamaxı”da işləməyin çətinliyi ilə bağlı sizə bir neçə dəfə sual verilib. Çətin olmadığını demişdiniz. Yenə eyni fikirdəsiniz?
- (davamı olacaq)
HƏBİB / SPORTİNFO.AZ