“Neftçi”də elə şeylər gördüm, elə şeylərlə üzləşdim… Dəhşət!”

11 Mart 2022 20:00 Müsahibə 1 357
“Neftçi”də elə şeylər gördüm, elə şeylərlə üzləşdim… Dəhşət!”

Vaxtilə “Neftçi”nin formasını tərlətmək arzu olsa da, bu, hər futbolçuya qismət olmurdu.

Lakin son illər klub rəhbərliyində təmsil olunanların səriştəsizliyi “məmə” deyəndən “pəpə” yeyənə qədər – çoxlarına qismət oldu.

Xüsusən 2 il əvvələ qədər vəziyyət biabırçı həddə çatmışdı. Lazımsız legionerlər, bacarıqsız yerlilər “Neftçi” formasını geyinməklə yadda qaldı. Bir çoxu da komandaya fayda vermədən çantasını yığıb getdi.

Bir də Məhəmməd Qurbanov vardı. Bütün yaş qruplarından ibarət millilərimizin formasını geyinən əslən rusiyalı hücumçu.

2015-ci ildə “ağ-qaralar”ın böyük ümidlərlə “Sumqayıt”dan cəlb etdiyi forvard 1 il komandada olsa da, ciddi mənada heç nə ilə yadda qalmadı. Əvəzedici statusu ilə barışdı, 17 oyunda cəmi 1 qol vurdu.

Azərbaycanda çıxış etdiyi dönəmdə “Sumqayıt”, “Neftçi”, “Sabah” və “Kəpəz” kimi komandaların şərəfini qorumuş Qurbanov Sportinfo.az-a verdiyi müsahibədə bir çox maraqlı faktların üstünü açdı.

- Futbolçu karyeranı başa vurmusan deyəsən.

- Hə, çoxdan. Azərbaycandan qayıdandan sonra demək olar oynamadım. Ardıcıl zədələr imkan vermədi. İndi məşqçi işləyirəm.

- Hansı komandada?

- Rostovdayam. “Çayka”nın Futbol Akademiyasında 2006 təvəllüdlülərlə U-17 komandasında işləyirəm.

- Hansı kateqoriyaya sahibsən?

- “B” ilə işləyirəm.

- Millidə oynadığın üçün “C”ni avtomatik almışdın, hə?

- Yox-yox. “C”ni də oxuyub almışdım. Azərbaycanda qalıb işləsəydim, avtomatik alardım. Amma işə Rusiyada başladığım üçün oxumalıydım.

- 30 yaşın apreldə tamam olacaq, lakin artıq neçə ildir futbolçu karyeranı başa vurmusan. Davam etmək olmazdı?

- Çarpaz bağlarım qırılmışdı. O da elə zədədir ki, hələm-hələm düzəlmir. Düzələndən sonra da bərpa olunmaq çətin məsələdir. Əslində düzəlmişdi. İkinci dəfə “Sumqayıt”a qayıdanda yoldaşlıq görüşündə zədəni təzələdim. Yenə davam etdim, amma gördüm ki, bu cür çox getməz. Üçüncü dəfə əməliyyat olundum, şükür, indi yaxşıdır, dizimdə ağrılar hiss etmirəm. Allah eləməsin, dördüncü dəfə də əməliyyat olunsaydım, bəlkə də ayaqsız qalacaqdım (gülür). Ona görə də karyeramı başa vurmağı qərara aldım.

- Futbolçu karyeranın əsas hissəsi Azərbaycan futbolu ilə bağlı oldu. Necə qiymətləndirirsən?

- Əlbəttə, hər bir futbolçunun arzusu çempion olmaq, kubok qazanmaq, avrokubokların qrup mərhələsində iştirak etməkdir. Bunlar olmadı. Amma karyeramı vərəqləyəndə öyünə biləcəyim məqamlar var. Azərbaycan millisində oynadım, çempionatın ikinci bombardiri oldum, “Neftçi”ylə avrokuboklarda iştirak etdim. Buna qədərsə “Rostov”un heyətində Rusiya Premyer Liqasının həyəcanını hiss etmişdim. Ümumi götürsək, 26 yaşa qədər bunları etmək normaldır. Davam etsəydim, bəlkə daha yaxşı olardı. Amansız zədələr imkan vermədi.

- 2013-cü ildə Rusiyanı Azərbaycana dəyişməyi karyeranın, eləcə də həyatının dönüş nöqtəsi hesab etmək olar?

- Mütləq belədir. Az öncə Azərbaycanın mənə qazandırdıqlarını sadaladım. Rusiyada qalsaydım, onların olub-olmayacağını deyə bilmərəm. Amma Azərbaycanda etdiklərim faktdır. Məncə, “Sumqayıt”ı seçməklə doğru qərar qəbul etdim. Və heç vaxt buna görə peşman olmamışam.

- Futbolçu yoldaşlarınla əlaqən qalıb?

- Əlbəttə. Şahruddin Məhəmmədəliyev, Orxan Əliyev, Əziz Quliyev, Elvin Bədəlov – çoxu ilə danışıram, Azərbaycan futbolu ilə yaxından maraqlanıram, nəticələrə nəzər salıram.

- Amma özün bura gəlmirsən.

- Niyə ki? Gəlmişdim bir dəfə. Sonuncu dəfə “Kəpəz”də oynadım, yadınızdadırsa. Klubda problemlər baş qaldırdı, yoxlamalar aparıldı, kimlərisə işdən azad etdilər. O dönəmdə məni komandaya Şahin Diniyev cəlb etmişdi. Sonra onu Yunis Hüseynov əvəzlədi, mən də getdim. Həm də məlum məsələlərdən sonra komandada bildiyiniz “bardak” idi. Orada qalmağın mənası yox idi.

- “Kəpəz”dən sonra da Azərbaycandaydın, səhv etmirəmsə, Birinci Divizionda.

- Hə-hə, “Sabah”la anlaşmışdım. Arif Əsədov zəng vurub çağırmışdı. Bilirdim ki, yaxşı komanda yığılır və növbəti mövsümdə Premyer Liqada oynamaq söhbəti var. 2017/18 mövsümünün ikinci yarısını “Sabah”da oldum. Amma orada mənə qarşı yaxşı davranmadılar.

- Niyə?

- Əşi, boş verək, keçib artıq.

- Söhbətdir də edirik, özün demiş, keçib artıq. Guya nəsə danışmağın nəyi dəyişəcək ki?

- Məni komandaya cəlb edəndə, deyilmişdi ki, Birinci Divizionda bizə kömək elə, Premyer Liqaya yüksələndə komanda ilə birlikdə olacaqsan. Sənə inanırıq, bacaracaqsan-filan. Oynayırdım, qol vururdum, ötürmə verirdim. Mənim gəlişimlə komandada yüksəliş hiss olunurdu. Elə oldu ki, mövsümün başa çatmasına 1 tur qalmış zədələndim. Mövsüm başa çatdı və hamı istirahətə yollandı. Mənə demişdilər ki, get evə, zədəni sağalt, formanı qoru, yeni müqavilə üçün zəng edəcəyimiz ilk adam sən olacaqsan.

- Və...

- “Və”si odur ki, zəng etmədilər. 1 ay gözlədim, 2 ay gözlədim, xəbər çıxmadı. Arif müəllimə zəng elədim və məlum oldu ki, komanda Premyer Liqaya çıxdığına görə baş məşqçini dəyişiblər. Prezidentlə əlaqə saxladım. Nə desə yaxşıdır?

- Nə?

- Dedi, yeni baş məşqçi gəlib, o, öz futbolçularını yığır komandaya. Sual verdim ki, bəs, verdiyiniz söz? Bəs, Birinci Divizionda etdiyim kömək? Belə başa düşdüm ki, zədələnməyim gözlərini qorxutmuşdu. Risk etmək istəmədilər. Amma aramızda verilən söz var, ona əməl olunmadı.

- 2014/15 mövsümündə “Sumqayıt”da uğurlu mövsümdən sonra “Neftçi”yə keçsən də, özünü doğrulda bilmədin. Nə baş verdi?

- “Neftçi”də baş verənlərlə bağlı danışmaq üçün azı 1-2 saat lazımdır bizə. Elə şeylər gördüm, elə şeylərlə üzlədim ki. Dəhşət!

- Müsahibənin “can”ı həmin dəhşətləri eşitmək, bilməkdir...

- ... (davamı olacaq)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti