
“Bakı”nın Futbol Akademiyasının “canını tapşırmasından” 10 il sonra “Qəbələ” Futbol Akademiyası da qeyri-müəyyən vaxta tarixin yaddaşına köçdü.
Səbəb məlumdur – pulsuzluq.
Klub rəhbərliyinin vaxtilə sponsorun hesabına ayaq üstə saxladığı akademiyanı maliyyələşdirməkdə çətinlik çəkməsi son 2-3 ildə aydın görünürdü.
Hadisələrin axarı süquta doğru aparırdı ki, bunu sən də görürdün, mən də, AFFA-nın kabinetlərində oturanlar da.
Sözsüz, klubları maliyyələşdirmək, ölkədəki akademiyalara cavabdehlik daşımaq AFFA-nın öhdəliyi deyil. Klub rəhbərləri hansısa çıxış yolları tapmaqla, məsələn, sponsorları cəlb etməklə problemi yoluna qoymalıdır.
Lakin bir halda ki, klub bunu bacarmır, bu, heç bir halda assosiasiyanın məlum hadisəyə göz yummasına əsas vermir. Çünki bu qurum ölkə futboluna cavabdehlik daşıyır. Ölkə futbolunun yükü AFFA-nın çiyinlərindədir. Yaxşısı AFFA-nın olduğu kimi, pisi də bu onundur.
Ölkədə Avropa səviyyəsində futbol oynamağı bacaran 5-10 futbolçu olmadığı halda, milli komandanın Fernandu Santuş kimi yüksək ödənişli birinə tapşırıb, milyonlar xərclənirsə, deməli, imkan var.
Qadınlardan ibarət milli komandanın inkişafı üçün hər cür şərait yaradılırsa, deməli, imkan var.
U-16-dan başlayaraq əsas milliyə qədər bütün yığma komandalara ölkə xaricində toplanışlar təşkil olunur, beynəlxalq turnirlərdə iştirakına şərait yaradılırsa, deməli, imkan var.
AFFA-nın illik hesabatında “digər xərclər” adı altında 7 milyon manat göstərilirsə, deməli, imkan var.
AFFA-nın inzibati binasındakı iş otaqları kadrlarla doludursa, baş katibin köməkçisi, köməkçinin də köməkçisi varsa, deməli, imkan da var.
Yəni AFFA-nın bu gün pulsuzluqdan gileylənməsi absurddur. Özlərinə lazım olan bütün istiqamətlərə vəsait tapılır, böyük pullar xərclənir.
“Qəbələ”nin, yaxud baxımlı infrastruktura malik başqa bir klubun akademiyasının yaşamasına yardım etmək də hansısa mənada assosiasiyanın üzərinə düşən mənəvi borcdur.
Həmin akademiyalarda yetişən futbolçular gələcəkdə hansısa klub rəhbərinin qapısında mühafizəçı dayanmayacaq, Azərbaycan millisinin şərəfini qoruyacaq, ölkə idmanını layiqincə təmsil etməyə çalışacaq.
Bəhlul Mustafazadə, Amin Seydiyev, Qismət Alıyev, Elvin Camalov, Rza Cəfərov kimi.
AFFA-dakı rəhbər dəyişikliyindən sonra onsuz da futbolumuzun başının üstünü qara buludlar alıb. Gələcək adına ümidverici heç nə görünmür.
Düşünün, addım atın, xilas edin. Gec deyil.
HƏBİB