Afrikada istirahət edən braziliyalı: “Budəfəki “Araz” daha yaxşı görünəcək”

8 İyul 21:20 Müsahibə 279
Afrikada istirahət edən braziliyalı: “Budəfəki “Araz” daha yaxşı görünəcək”

Konfrans Liqasında “Aris”lə oyunlara hazırlaşan “Araz-Naxçıvan” məşqlərini davam etdirir.

Komandanın gərgin keçən məşqindən sonra futbolçuların dincəlmək üçün evə tələsməsi hərəkətlərindən və mimikalarından aşkar sezilirdi.

Buna baxmayaraq, kollektivin aparıcı simalarından olan braziliyalı vinger Felipe Santos Sportinfo.az-a müsahibə verməyə etiraz etmədi.

- Doyunca istirahət edə bildin?

- Pis olmadı (gülür).

- Harda dincəldin? Hansı ölkəyə getmişdin?

- Bir müddət Afrikada olduq, oranı gəzdik. Sonra Braziliyaya getdik, ailəmizin, doğmalarımızın yanına.

- O cür istirahətdən sonra ağır məşqlərin yükünü daşımaq çətinlik yaratmır ki?

- Dincəlmək yaxşıdır. Ancaq bir şey də var ki, yaşamaq üçün işləmək lazımdır. Qarşıda bizi Konfrans Liqası gözləyir. Avrokuboklarda iştirak “Araz-Naxçıvan”ın tarixində ilkdir. Komandaya kömək etmək, uğurlu nəticələr qazanmaq üçün məşqlərdə səylə çalışmalıyıq.

- “Araz-Naxçıvan”da heyətlə bağlı dəyişikliklər oldu. Bu fakt komandanın Konfrans Liqasındakı çıxışına nə dərəcədə təsir edə bilər?

- Yalnız müsbət mənada təsir edəcək. Yeni gələn futbolçular müsbət keyfiyyətlərə malikdir. Onların gəlişi oyun planında artırmağımıza və komandada rəqabətin artmasına ciddi təsir edəcək. Fikrimcə, bu dəfəki “Araz” ötən mövsümkü “Araz”dan daha yaxşı görünəcək. Önəmli olan futbolçularla anlaşma səviyyəsini yüksəltməkdir. Məşqlərdə bunun üzərində işləyirik.

- “Araz-Naxçıvan”dakı çıxışını davam etdirəcəksən?

- Klubla müqaviləm var və buna uyğun olaraq məşqlərdə iştirak edirəm. Qarşıdakı oyunlara hazırlaşıram ki, Konfrans Liqasında uğurlu nəticələr qazana bilək.

- Klub rəhbərliyi ilə müqavilə şərtlərində müəyyən fikir ayrılıqlarının olduğu deyilir amma.

- Müəyyən detallarla bağlı söhbətimiz davam edir. İnanıram ki, məsələ tezliklə öz həllini tapacaq. Əsas odur ki, buradayam və burada olmaqdan məmnunam.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?