
Transfer çalışmalarını davam etdirən "Neftçi”nin hələ həftələr öncədən Cordan Rezabala ilə anlaşdığını xəbər vermişdik.
Baş məşqçi Samir Abasov israrla sərəncamında görmək istədiyi futbolçu ilə hərtərəfli razılıq əldə olunub.
Amma klub hələ də “Sumqayıt”dakı çıxışları ilə yadda qalan yarımmüdafiəçinin keçidini elan etməyib.
Müəmmanın səbəbi nədir?
Əldə etdiyimiz məlumata görə, 25 yaşlı futbolçu ilə bağlı hər hansı narahatlıq yoxdur.
Sadəcə Cordan şəxsi işləri ilə bağlı klubdan xahiş edib ki, ona birbaşa Polşadakı toplanışa qatılmasına icazə verilsin.
Samir Abasov sabiq oyunçusunun istəyini geri çevirməyib.
Böyük ehtimalla Rezabalanın futbol ictimaiyyətinə rəsmi təqdimatı da məhz Polşada gerçəkləşəcək.
2024-cü ilin yanvarından 2025-ci ilin ikinci ayına qədər “Sumqayıt”ın şərəfini qorumuş 25 yaşlı futbolçu 30 oyunda 5 qol və 4 qol ötürməsi ilə yadda qalıb.
Xatırladaq ki, Bakıda məşqlərini davam etdirən "ağ qaralar" yay təlim-məşq toplanışının ikinci mərhələsi üçün 15 iyul tarixində Polşaya yola düşəcək.
XANOĞLAN / SPORTİNFO.AZ