
Fransa millisinin sabiq futbolçusu Emmanuel Peti Lionel Messinin “Barselona”ya qayıdacağına inanmır.
Son zamanlar argentinalı futbolçunun 2026-cı il dünya çempionatına yüksək səviyyədə hazırlaşmaq üçün Avropada bir müddət oynamaq istədiyinə dair xəbərlər yayılmışdı.
Sportinfo.az “Escapist Magazin”-ə istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu, ABŞ-da Messiyə xüsusi münasibət olduğunu bildirib:
“Messinin adını “Barselona”ya icarə əsasında qayıtmaqla əlaqələndirirlər, amma Lamin Yamalı ehtiyatda saxlamayacaqlar. Bəli, Messi “10 nömrə” mövqeyində oynaya bilər, amma o artıq qaçmır.
“Barselona” sadəcə iki yarımmüdafiəçi ilə oyunun axışını idarə edə biləcəkmi? Ona görə də, biz Messini “Barselona”da görməyəcəyik”.
O, həmçinin, əlavə edib ki, Messinin dünya çempionatından əvvəl Avropanın başqa bir klubuna keçidi də çətin görünür:
“ABŞ-da ona xüsusi münasibət var, başqa bir mühitə uyğunlaşması çətin olar”.
38 yaşlı Messi hazırda “İnter Mayami”də çıxış edir və onun ABŞ klubu ilə müqaviləsinin müddəti bu ilin sonuna qədərdir.