Ölkəmizdə futbol dayansa da, bəzi futbol adamları dayanmır. Bu sahəyə təsadüfən düşən, vəzifə sahibi olan, heç bir ciddi iş görməyən belələrinin hobbiləri, əsl məşğuliyyətləri elə koronavirus sayəsində üzə çıxıb.
43 yaşlı həmyerlimiz Fərid Novruzi 2 aydı səyahət gəmisi ilə dünya turnesinə çıxıb. Amma pandemiya onun bütün planlarını alt-üst edib. Onun olduğu gəmini məlum səbəblərdən heç bir liman qəbul etmir.
Bütün bunlara baxmayaraq, səyyah hazırda olduğu vəziyyətindən tam razıdır. Deyir ki, onunla bərabər bütün sərnişinləri narahat edən gəmidə qalmaq deyil, nəvaxtsa sahilə çıxmaqdı. Nə üçün belə düşündüyün səbəbini səyyah ATV XƏBƏRə açıqlayıb.
Aralıq dənizində səyahət gəmisi isə üzü Fransa sahillərinə doğru səyahət edən həmyerlimiz Fərid Novruzi artıq 2 aydır kruiz gəmisindədi. 16 mərtəbəli 1500 sərnişin tutumlu gəmi ilə Kolumbiyanın paytaxtı Boqota şəhərindən dünya səyahətinə çıxan Fərid deyir ki, gəmiyə sakit okeanı sahillərində Cənubi Amerika ölkəsi olan Peruda fevralın 15-də minib.
Koronavirus təhlükəsi ilə əlaqədar ardıcıl olaraq bütün limanlar səyahət gəmilərini qəbul etməkdən imtina etdiklərinə görə, kruiz gəmisi Avstraliyadan, Şri-Lankadan keçməklə Fransanın Marsel limanına istiqamət götürüb. Aprelin 20-də gəminin Marsel limanına lövbər salacağı planlaşdırılır.
Fərid deyir ki, gəmidə koronavirus infeksiyasına yoluxanlar olmasa da, pandemiya onlarda da narahatlıq yaradıb. Tək təsəlli yerləri gəmidə virusa yoluxanın olmamasıdır. Səyahətçi deyir ki, gəmidə olanlar əsasən 70 yaşdan yuxarı insanlardı. Burada hər kəs asudə vaxtını səmərəli təşkil etməyə çalışır. Məsələn, Fərid gəmidə yaradıcılıq fəaliyyəti ilə məşğuldur.
Fərid Novruzi səyahəti ilə bağlı sosial şəbəkələrdə maraqlı görüntülər paylaşır. Uzun müddətdir ailəsindən dostlarından ayrı düşən Fərid tezliklə vətənə qayıdacağına ümid edir.
Bu bəy həm də AFFA rəsmisidi. Çimərlik Futbolu Federasiyasının prezidenti olan Novruzi bu sahəyə təsadüfən düşüb. Azərbaycanda çimərlik futbolu üzrə milli çempionat yoxdu, amma böyük məbləğdə vəsaitlər sərf olunan milli komanda, biabırçı məğlubiyyətlərlər var. Fərid bəy büdcədən ayrılan böyük pulları dağıtmaqla məşğuldu, çimərlik futboluna da əyləncələrindən biri kimi yanaşır.
Bu federasiyaya AFFA hər il 300 min manat xərcləyir. Maraqlıdır ki, əksər təlim-məşq toplanışları ölkə xaricində təşkil olunur, heç bir perspektiv olmasa da, büdcə dağıdılır.
Eyni zamanda “My Brands”ın sahibi olan Fərid bəy dostu, şəriki olan AFFA-nın baş katibi Elxan Məmmədovla bir sıra layihələrdə birgə olub. Onlar uzun müddət idman geyimərinin ölkəmizə gətirilməsi və AFFA-ya tabe qurumlara məcburi paylanması ilə məşğul olublar.
Bu mövzuya postpandemiya dövründə qayıtmağa çalışacağıq. Hələliksə Fərid bəyə sağ-salamat evinə, ailəsinin yanına dönməyi arzulayırıq (futbolinfo).

