ÇSKA Bakida istədiyi nəticəni qazandı.
Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a rəqib olan Sofiya təmsilçisinin məqsədi səfər qarşılaşmasında uduzmamaq idi.
Bütün diqqətini müdafiəyə ayırıb, oyun planını əks-hücumların üzərində quran bolqarlar arxa xətdə və qapıda inamlı oynamaqla bərabərliyə nail oldu – 0:0.
“Qarabağ”ın nəyə qadir olduğunu Bolqarıstanda yaxşı bilirlər. Belə olmasaydı, azarkeşlər müdafiəyə “oturaraq” bərabərliyə nail olan komandanı alqışlamaz, futbolçuları qəhrəman adlandırmazdı.
Klubun sosial media səhifələrində oyunun yekun nəticəsi ilə bağlı edilən paylaşıma bolqar izləyicilərin reaksiyası belədir:
“Əla oyun oldu. Onları Sofiyada aradan götürəcəyik”.
“Bravo, ÇSKA. Gələn həftə “Vasil Levski”də 40 min fanat olacaq. Tərəfdar yox, FANAT!”
“Halal olsun, uşaqlar. “Qarabağ” uzun müddətdən sonra əsl azarkeşləri görəcək”.
“Buna beton qorunmanın və xarakterin məhsulu deyirlər”.
“Gələn həftə hamı bir nəfər kimi stadiona gedəcəyik. “Cəhənnəm” havası onları Sofiyada əzəcək”.
“Ümumi götürsək, ikinci hissənin ilk 10 dəqiqəsini əla oynadıq. Hətta 2 qol vura bilərdik. Bu cür mübarizliyə görə sizi ayaqüstə alqışlamaq lazımdır”.
“Futbol həyəcanının nə olduğunu görmək istəyirsinizsə, cavab qarşılaşmasını mütləq izləyin”.
“Qarabağ”la səfərdə heç-heçə əla nəticədir. Sofiyada qələbə bizim olacaq, görəcəksiniz”.
“Əsgərlər, cümə axşamı stadionu doldurub futbolçuların yanında olmalıyıq. Onlar lazım olanı səfərdə etdi. İndi sıra bizdədir”.
“ÇSKA-nın stadionunda oynamağın nə demək olduğunu anlayacaqlar. Gəlin, gəlin”.
İyulun 30-da kmandalar arasında baş tutacaq cavab qarşılaşması saat 22:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

