Azərbaycanda daha bir milli komanda əcnəbiyə tapşırılacaq.
Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.
Federasiyadan redaksiyamıza daxil olan informasiyaya görə, U-15 yığmasının sükanı arxasına əcnəbi mütəxəssis gətiriləcək. Qurum rəhbərliyi artıq bu səmtdə müvafiq addımlar atmaqdadır.
Bilindiyi kimi, FİFA Şurası Bürosu Azərbaycanın FIFA U-15 dünya kuboku və 2026-cı il futbol Festivallna ev sahibi seçildiyini açıqlayıb.
Qərar FİFA Şurasının ötən ilin dekabrında 15 yaşadək oğlan və qız futbolçular arasında yeni turnirin yaradılmasını təsdiqləməsindən sonra qəbul olunub.
İlk yarış 2026-cı ildə yalnız oğlan komandalarının iştirakı ilə keçiriləcək. 2027-ci ildə isə turnirdə yalnız qızlardan ibarət komandalar mübarizə aparacaq.
2028-ci ildən etibarən isə FİFA-ya üzv bütün assosiasiyalar həm oğlan, həm də qızlardan ibarət U-15 yığmaları ilə iki ayrı yarışda iştirak edə biləcəklər.
FİFA Azərbaycanın ev sahibi seçilməsini ölkənin yüksək səviyyəli idman və ümumi infrastruktur imkanları ilə əsaslandırıb.
Bildirilib ki, Azərbaycan minlərlə uşaq futbolçunu və müşayiətçi heyəti mərkəzləşdirilmiş şəkildə qəbul etmək imkanına malikdir. Qərarın verilməsində Azərbaycanın U-20 dünya çempionatına ev sahibliyi etməsi də rol oynayıb.
FİFA Şurası Bürosunun qərarına əsasən, FIFA U-15 dünya çempionatı və Festival turniri 22-31 oktyabr 2026-cı il tarixlərində keçiriləcək.
SPORTİNFO.AZ

