Klublarımız avrokuboklarda mübarizəyə fırtına kimi başladı.
"Sabah" və "Zirə"nin ardınca "Qarabağ" da qələbə qazandı.
Hər üç klubumuz cavab görüşü öncəsi quru hesablı üstünlük yaxalaya bildi.
Rəqib qapılarından 8 top keçirən təmsilçilərimiz öz qapılarında 1 qol belə görmədilər.
Bura qədəri əla, fantastik.
Amma azarkeşlər, klublar üçün.
İşin pis tərəfi odur ki, 3 Azərbaycan klubunun birgə vurduğu 8 qolda bir azərbaycanlı imzası yoxdur.
Bütün qollar əcnəbi futbolçuların hesabına vurulub.
Yəqin ki, milli komandanın baş məşqçisi Ayxan Abbasov vəziyyəti ürəkağrısı ilə izləyir.
Axı qarşıdan Litva və Lixtenşteynlə rəsmi oyunlar gəlir.
Təcrübəli mütəxəssis yenə qalacaq klubsuz olan, ehtiyatda qalan futbolçuların ümidinə.
Bu gün Zakaria Savo, Renaldo Sefas, Velko Simiç, Kahim Parris, Ruan Renato, David Volkovun qoluna sevinənlər, ayaq üstə alqışlayanlar isə onda başını tutacaq.
Milli yadına düşəcək.
Ki, niyə uduzduq, niyə qol vurmadıq?
Cavab bütün çılpaqlığı ilə yuxarıdakı mənzərənin içindədir.
Çünki bugünkü klublar sabahkı millinin güzgüsüdür.
Ona görə də sabah həmin sualların cavabını axtarmağa ehtiyac qalmasın deyə, qərarlar bu gündən ağılla, sistemli və yerli futbolun gələcəyini düşünərək verilməlidir.
XANOĞLAN / SPORTİNFO.AZ

