Bu “Qarabağ” Qurban Qurbanovun “Qarabağ”ı olacaqmı?

16:00 Qarabağ 185
Bu “Qarabağ” Qurban Qurbanovun “Qarabağ”ı olacaqmı?

Dünən axşam Qurban Qurbanova belə bir sual ünvanladı - bu, həminki «Qarabağ»dır?

Məncə, artıq və yersiz sual veriblər baş məşqçiyə.

Ondan soruşmağa dəyməzdi: kor kor, gör gör.

Keçən ilin «Qarabağ»ı dağ idisə, bugünün «Qarabağ»ı təpədir. Dağla təpəni ayırd etmək bu qədərmi çətin məsələdir, hələ Qurbanovdan soruşaq da.

O, 18 ildir «Qarabağ»dadır, elə transfer dönəmi olmayıb ki, birdən-birə kardinal islahat düyməsini işə salsın, 1 ayın içində 8-9 nəfəri göndərsin, 8-9 nəfəri gətirsin.

Bu, yeni «Qarabağ»dır, yenilənmiş «Qarabağ»ı sonra görəcəyik.

Bu «Qarabağ»ın Qurbanovun «Qarağağ»ı olub-olmayacağı barədə yalnız 2-3 aya nəsə proqnoz vermək mümkündür. Hələ tezdir, işartılar onda görünəcək.

ÇSKA keçənilki «Qarabağ»ın qarşısında 30 dəqiqədən artıq tab gətirməzdi. İndiki «Qarabağ» isə Çempionlar Liqasının liqa mərhələsində 1 qol da vura bilməzdi, məğlubiyyətləri sıralayardı.

Bu ikisi arasında müqayisə aparmaq və fərqləri ayırd etmək lüzumsuzdur. Görünən kəndə bələdçi soraqlamağa nə hacət?

«Qarabağ» adi vaxt müdafiə olunan rəqibin qapısı ağzında təhlükə yaratmağa çətinlik çəkib. Sıx qapanan, ikiqat «cəbhə» zolağı çəkən ÇSKA Bakıya heç-heçə üçün gəlmişdi, istədiyinə də nail oldu.

«Qarabağ» son 10-15 dəqiqədə aktiv təsir bağışladı, sürətini tvə hücumlarını artırdı. Oyunun daha əvvəlki bölümündə isə mövqe həmlələri təşkil etməkdən savayı heç bir iş görmədilər.

Zonaları bağlamış, uzun ötürmələrlə «Qarabağ»ın birinci zonasının arxasına keçməyi fikirləşmiş ÇSKA-nın fəndi bir-iki epizodda işlədi, Bədavi Hüseynovla Varkonyi sayıq tərpəndi.

Abdullah Zubirlə Marko Yankoviç «Qarabağ»ın yarımmüdafiə xəttini dimdik ayaqda saxlamır. Bu cütlük orta sahəni zəif göstərir.

Zubir öncə də ləng idi, bu gün lap ləngdir. Topu qəbul edib rəqibin cərimə meydançasına daşıyana qədər səhər axşam olur.

Yankoviç isə sürətini itirib. Üstəlik, gec düşünür, səhv qərarları çoxalıb.

Yadımızdan çıxmamışkən, hələ Kadi Borges… Braziliyalı ağırlığını üzərindən atmayıb, topla artıq hərəkətlərinə ara vermir.

Uzaq məsafədən qapını nişan almaq vərdişi isə itirib, qısa və yan paslarla vaxt «öldürür».

Zəkəriyyə Savo qapıya tərəf sərbəst zona tapmasa, özünü sudan sahilə çıxarılmış balıq kimi hiss edir. Redondo Sefas isə Qurban Qurbanovun dediyinə görə, hələ optimal formadan uzaqdır.

Bu yamaykalı sol cinah vingerinin sürəti əladır, 1 ay oyun praktikası da qazansa, «Qarabağ»ın onun transferi üçün xərclədiyi 1,5 milyon manatın əvəzini qaytaracaq.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 21:30 Çək və bizə göndər!