10 nəfərlə oynayan “Qarabağ” - Heyif ona verilən milyonlara

21:00 Qarabağ 835
10 nəfərlə oynayan “Qarabağ” - Heyif ona verilən milyonlara

Adamın ona verilən pullara heyfi gəlir.

4 ilə görə təxminən 3 milyon dollar qazanmalıdır.

Amma o nə edir? Meydanda ayaq sürüyür, yanlış ötürmələr verir, hücum fazasında heç nə ilə yadda qalmır.

Məsəl var, hay-hayı gedib, vay-vayı qayıb. Bax, tam onun boyuna uyğun deyilib.

“Qarabağ”dakı Kadi Borgesdən danışıram. 2021-in iyulundan 2022-nin dekabrına qədər gördüyümüz yox ha, ötən ilin yayından bu günə izlədiyimiz Kadidən.

O vaxtkı Kadi başqa bir aləm idi. Top ayağına düşəndə rəqibin üç futbolçusu tər axıdırdı, rəqib qapıçının ayaqları tir-tir əsirdi. Vurduğu zərbələrin hansısa biri “çərçivə”dən yan keçəndə təəccüblənirdik.

Cinahda, meydanın mərkəzində, cərimə meydançasının daxilində - harda desən şou göstərirdi. Topu ondan alana mükafat düşürdü. “Qarabağ”ın Messisi olmuşdu lap.

Pul başını necə giclləndirdisə, düz-əməlli məşq etmək, futbol oynamaq yadından çıxdı. Ömür boyu çayda üzən oğlan birdən-birə Maldiv adalarına düşdü sanki.

“Qarabağ”dan “Krasnodar”a, oradan “Ferenetsvaroş”a getdi, axırda əvvəlki yerinə - “Qarabağ”a qayıtdı. Həm də necə? Şərt qoydu ki, 4 illik müqavilə bağlayırsınızsa, gəlirəm. İllik 700 min dollara.

Razılaşdılar, əl sıxıb yola çıxdılar. Qurban Qurbanov onun potensialını bilirdi. Həm də futbol fəlsəfəsinə uyğun gəlirdi deyə, fayda verəcəyini düşünürdü. Uzun müddətli müqaviləyə də ona görə razılıq verdilər ki, 1 il yaxşı oynayandan sonra “gedirəm” deməsin.

Bir ildir komandadır. Oynadığı futbolla əvvəlki Kadinin ölənlərinə rəhmət oxutdurur.

Fiziki göstəriciləri kifayət qədər aşağı düşüb. Az qala hər ikili mübarizədə yerdə qalıb hakimə baxır, sonra da dodaqlarının altında deyinə-deyinə durub qaçır. Yerişi belə dəyişib. Əvvəl gəzəndə qolu bədənindən 20 sm aralıydısa, indi məsafə yarım metrə çatıb.

Driblinq edir, ayağı-ayağına dolaşır. Ötürmə verir, top komanda yoldaşlarından çox rəqib futbolçulara çatır. Zərbə vurur, qapıya güclə çatır, ya da heç çatmır. Sürət barədə danışmıram, yox dərəcəsinə düşüb.

4-5 il əvvəl Kadini əlində gəzdirməyə hazır olan, “Qarabağ”dan gedişinə görə az qala göz yaşı tökən azarkeşlər indi onu söyür. Bəli, məhz söyür. İnanmırsınız, klubun sosial media səhifələrindəki şərhlərə baxın.

Qurbanov onu “diriltmək”, əvvəlki günlərinə qaytarmaq üçün ciddi cəhd edir. Əsas heyətə yararlı olmadığını bilə-bilə oynadır, inam göstərir. Hətta lazım olan anda əvəzləmir ki, ruhdan düşməsin.

O isə öz kefindədir. Meydanda gəzir, yıxılıb-durur, irəli gedir, geri qayıdır və beləcə matç başa çatır. Məlum olur ki, “Qarabağ” 10 nəfərlə oynayırmış

ÇSKA ilə qarşılaşmada olduğu kimi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti