"Rəşad Sadıqovun millidə baş məşqçi olmasını istəməzdim"

8 Mart 2020 12:00 Milli komanda 1 813
"Rəşad Sadıqovun millidə baş məşqçi olmasını istəməzdim"

AFFA-nın milliyə namizədlər siyahısındakılar başdan-başa əcnəbilərdir. Hər halda verilən rəsmi açıqlamalarda bu, təsdiq olunur.

Ancaq kluarlarda, mətbuatda yerli baş məşqçi müzakirəsi də səngimir. Əsas namizəd kimi Rəşad Sadıqov göstərilir.

Futbol ictimaiyyəti də bu fikirə isti yanaşır. Nə qədər qəribə səslənsə də, indi bu təyinatın reallaşmasına müsbət reaksiya göstərənlər arasında "Elxan Məmmədov Qurban Qurbanova işləməyə imkan vermədi" deyənlər də az deyil.

Bu fikrin tərəfdarı olub, amma Sadıqovun milliyə gəlməsini dəstəkləmək bir növ özü özünü təkzib etmək deyilmi? Yoxsa Qurban Qurbanova işləməyə imkan verməyən adamın Rəşad Sadıqova sərbəst işləmək mühiti yaratması mümkündür?

Sportinfo.az mövzü ilə bağlı idman jurnalistləri arasında sorğu keçirib.

Sənan Abdullayev (Xəzər TV: "Qurban Qurbanovla Rəşad Sadıqov millidən göndəriləndən az sonra "Futbol saatı"na dəvət etmişdik. Orada çox şeydən danışmışdı və sırf Azərbaycan futbolu naminə karyeralarını riskə atdıqlarını bildirmişdi. Bir cümləni yaxşı xatırlayıram: "Mən bir də belə şeyə aldanmaram". Məlum idi ki, hər ikisi zərbə yemişdilər. Bu da o zaman əksər deyilənlərin özünü doğrultduğunu təsdiqlədi. Amma gələk bu günə. Şəxsən mən də düşünürəm ki, millinin indiki vəziyyətində ən real namizəd Rəşad Sadıqovdu. Qərar verilərsə, Rəşad riskə gedəcəkmi? Gedəcək! Bu, indiki durumda Elxan Məmmədova hava-su kimi lazımdı. Amma Sadıqov da ilyarım əvvəlki deyil. Onun da bir daha aldanacağına inanmıram. Hansı addımı atacaqsa, ağıl hisslərinə ya başabaş olacaq, ya da üstün".

Zaur Xudiyev (oxu.az): "Rəşad Sadıqov məsələsi gündəmdədir və bu ad ətrafında süni ajiotaj yaradılır. Yenə həmin güruh hay-küylə Sadıqovun milliyə baş məşqçi təyin olunması ilə bağlı şiddətli müzakirə açıblar. Sanki Sadıqov ölkə futbolunun qurtarıcı mələyidir, Supermendir, o gələn kimi hər şey birdən-birə düzələcək, yollar hamarlanacaq, millimiz dünya çempionatının final mərhələsinə gedəcək. Mən açıq danışmağı sevən adamam. Gəlin, düzü düz, əyrini də əyri deyək. Kiməsə yarınmaq, kiminsə könlü xoş olsun deyə yalandan tərifləmək mənlik deyil. O vaxtdan bu vaxta AFFA-da nə dəyişib? Elxan Məmmədov İcraçı vitse-prezident olaraq mövqeyini daha da gücləndirib, onsuz da dalı da, qabağı da kəsən qılıncının artıq qəbzəsi də kəsir. O vaxt Qurbanovla bağlanmış 6 illik müqaviləni bir ildə tələm-tələsik ləğv edən adam indi Sadıqova işləmək imkanı yaradacaq? Anlamıram, illərlə Azərbaycan futbolunu izləyən, ölkə futbolunun cikini də bikini də bilən adamlar necə olur ki, bu qədər optimist yanaşa bilirlər? Bəlkə kiminsə nəsə marağı var, kiməsə bu cür spekulyasiyalar sərf edir, bilmirəm, amma mən həmişə olduğu kimi bu məsələyə də real yanaşıram və mümkün təyinatın çox keçmədən fiasko ilə nəticələnəcəyini düşünürəm".

Ali Sahib (Fanat.az): "Əgər əcnəbi məşqçi gətirib, Millətlər Liqasında nəticə tələb olunacaqsa və həmin nəticə əldə olunmayanda yola salınacaqsa buyurub gətirsinlər. Qeyd edim ki, nəticə deyəndə 1-ci yeri nəzərdə tuturam. Yox, müxtəlif bəhanələrlə uğursuzluqlara don geyindirib əcnəbi sevdasını davam etdirəcəklərsə, yerli olması məsləhətdi. Elxan Məmmədovun futbol savadının olmamasının qurbanıdı Azərbaycan futbolu. Hal-hazırki qrupda 1-ci olacağımızın mümkünlüyünü düşünənin savadı elə Məmmədov səviyyəsindədi. O ki, qaldı Rəşadın milli komandanın sükanı arxasına keçməsinə, istəməzdim. Elxan Məmmədovla iş birliyinə getmək, elə Elxan Məmmədov qədər Azərbaycan futboluna zərbə vurmaqdı. Qurban Qurbanova qazılan quyunu gördük. Elxan Məmmədova uğur yox, Fatı lazımdı"."

Anar Xanlarov (Rekord.az): "Hazırkı məqamda demək olar ki, hamı yerli məşqçinin tərəfdarıdır. Jurnalistlər, azarkeşlər, futbol veteranları, hətta Elxan Məmmədova xidmət edən Məşqçilər Şurasının üzvləri də. Əgər bunun müqabilində AFFA əcnəbi məşqçi axtarırsa, deməli, futbol ictimaiyyətini saya salan və onların fikirlərinə hörmət edən yoxdur. Halbuki başqa vaxt Elxan Məmmədov futbol ictimaiyyətinin fikrindən dəm vurur. O ki qaldı məsələnin ikinci tərəfinə, millinin baş məşqçisi kim olur olsun, ona sərbəst işləmək imkanı verilməyəcək. Rəşad Sadıqovun yerinə olsam, Elxan Məmmədov AFFA da oldugu müddətdə millidə işləməyə razı olmaram"..

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!