O, havaya sovrulan pulların hesabını veribmi prezidentə?

6 Mart 2020 20:20 Milli komanda 972
O, havaya sovrulan pulların hesabını veribmi prezidentə?

Hər dəfə milli komandaya məşqçi təyin eləmək lazım gələndə, AFFA-ya "kabab iyinə" yığışmış kəsimin yadına futbolumuz düşür. İndi də eyni mənzəridi. Biri məşqi italyan olmalıdı deyir, biri alman deyir, o birisi bir başqa millətdən olanı deyir. Amma hamısının fikrində bir ortaqlıq var - bir ağızdan əcnəbi deyir hamısı.

Əvvəlcədən də bilirdik ki, məşqçi təyinatı yaxınlaşdıqca, bunlar bir-bir mətbuatda peyda olub danışacaqlar. Və budur, illərdi "ağzına su alıb" dayanan federasiyanın vitse-prezidenti Rauf Əliyev qəfildən dil açıb. Futbolumuzun tənəzzül dövrünü yaşadığı vaxtlarda ondan çıxış yolları, hansısa konsepsiya gözlədiyimiz məqamda millidə mütləq əcnəbi məşqçi olmalıdı fikri ilə çıxış edib. Bu adamın illərdi İK-da əyləşib, futbolumuzu heç azarkeş kimi belə izləmədiyinə yazının gedişində qayıdacağıq. Hələ ki, bu əcnəbi məsələsini incələmək maraqlıdı.

Misalçün, mən fikirləşirəm ki, millinin yeni baş məşqçisi Mozambikdən olmalıdı. Niyə? Əcnəbidi çünki!!! Mənə elə gəlir Rauf Əliyevə də sual versələr ki a kişi, axı niyə əcnəbi, deyəcək əcnəbidi də, elə buna görə... Millidə əcnəbi olmalıdı deyən kəs ilk növbədə fikrini əsaslandırmağı bacarmalıdı. Millimizin hazırki heyətinə baxmaq gərəkir, hansı üslubu aşılamaq mümkündü sualına cavab tapılmalı, əcnəbinin mental olaraq futbolçulara yaxınlaşa bilmək ehtimalını müəyyənləşdirməli və s. Çünki millidə düzgün heyət seçimi, psixoloji hazırlıq və hər oyuna düzgün taktiki tapşırıqlardan ibarətdi əsas iş. Yaxşı olardı ki, milli üzvlərinin gündəlik həyat tərzi də nəzarətdə saxlanılsın. Amma əcnəbi bu işi aşıra bilməz, AFFA-nın tabeliyində olan məşqçilərdə o nüfuz yoxdur ki, bir-bir milli üzvlərinin həyatına müdaxilə edib söz keçirə bilsin onlara. Rauf Əliyev müəllim isə deyir mütləq əcnəbi, çünki əcnəbidi, çünki əcnəbidi, çünki əcnəbidi...

Yeri gəlmişkən, Rauf Əliyev görəsən, Berlin futbol məktəbində havaya sovrulan pulların hesabını veribmi AFFA prezidentinə? 5 il xeyli maliyyə sərf olundu həmin layihəyə. Nəticədə bir nəfər belə uşaq yetişmədi həmin məktəbdə. Elə o məsələdə də sual yaranırdı ki, niyə Lənkəranda, niyə Mingəçevirdə, niyə Qusarda yox, məhz Berlində azərbaycanlı uşaqlar üçün futbol məktəbi açılır? Cavab belə görünür ki, elə o vaxt da sadə idi. Çünki xaricdə idi o. Yəni, bu təfəkkürlə ölkənin pulları Almaniyada havaya sovruldu, Yurçeviç cibinə qoyub getdi və ya bir başqa əcnəbiyə xərcləndi heç fərq eləməz. Əsas odur ki, əcnəbilərə dəyər verək!

Yeganə (guya) sevindirici məqam odur ki, Rauf müəllim əcnəbinin yanında azərbaycanlı köməkçinin olmasını da dilə gətirib. Amma soruşsaz niyə, dolğun cavab çətin verə. Yəni, əzbərlənmiş şəkildə deyəcək ki, öyrənsin, yetişsin və bu tipli 1-2 cümləlik şablon fikirlər. Sual versən ki, uzun illərdi Foqts, Prosineçki, Yurçeviçin köməkçisi olmuş hansı yerli məşqçi öyrənib, yetişib, hansı biri üzdədi, hansı nəticələr qazanıb futbolumuzda, yenə "qurbağa gölünə daş atılacaq". Çünki bu gün üzdə olanlar ya "Qarabağ"dan çıxıb, ya da milli ilə heç vaxt heç bir əlaqəsi olmayıb. Bax belə... Rauf müəllim üçün belə bir acı həqiqət!

Uzun illərdi AFFA-nın vitse-prezidenti postunu tutan bu adamı yaxşı olardı ki, tez-tez çempionat oyunlarında görək, mətbuat qarşısına çıxanda əlində bir dolğun proqram olsun futbolun inkişafı istiqamətində. Yoxsa, 2-3 ildə bir dəfə səhnəyə çıxıb əcnəbi deməklə nə futbol düzələcək, nə də Rauf Əliyevdən futbol adamı düzəldə biləcək AFFA (sportal.az).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu