AFFA-nın millinin baş məşqçisi olmağa razı saldığı GİZLİ AD

3 Mart 2020 21:10 Milli komanda 2 596
AFFA-nın millinin baş məşqçisi olmağa razı saldığı GİZLİ AD

Canni de Byazi Azərbaycan millisini çalışdırmağa bir nömrəli… namizəd deyil.

Sportinfo.az-ın AFFA-dan əldə etdiyi məlumata görə, yeni baş məşqçi başqasıdır.

Federasiyanın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov bugünlərdə həmin mütəxəssislə görüşüb, prinsipial razılıq əldə edib.

Kimdir o? Təbii ki, əcnəbidir. Əgər bu iş Məmmədova tapşırılıbsa, yerli məşqçiyə «yaşıq işıq» yandırmaz. Bu, ömründə mümkün deyil!

İcraçı vitse-prezident onlara antipatiya bəsləyir. Həm də ki, azərbaycanlı çalışdırıcı ilə onunku tutmur. Məmmədov üçün «bir baş altda, bir daş üstdə» siyasəti keçərlidir. Hansı ki, Berti Foqtsdan bəri belə işləyib.

Qurban Qurbanov gedişatı pozdu, onda da 1 ildən artıq duruş gətirə bilmədi. Ayağının altını qazıb, özünü də dərənin dibinə itələdilər.

AFFA Canni de Byazinin personasını mətbuatda tez-tez qabardılmasında maraqlıdır. İtaliyalı məşqçinin adının federasiyaya yaxın mətbuat orqanlarında demək olar hər gün hallandırılması məqsədyönlüdür.

Fikir azdırırlar. Onunla necə anlaşılıb ki, heç maliyyə şərtlərini masaya yatırmayıblar? Olmaya, elə düşünürlər ki, de Byazi Azərbaycana gəlməkdən ötrü sinov gedir və bir işarə eləsələr, qaça-qaça durub bura gələcək? Necə də qeyri-peşəkar yanaşmadır...

İtalyan mütəxəssisin özü Azərbaycan mətbuatında barəsində yazılanlardan narahatdır və nə edəcəyini, nə deyəcəyini bilmir.

Hər halda Canni de Byaziyə yaxın şəxslər müxtəlif kanallar vasitəsilə bu gün də redaksiyamızla əlaqə saxlayıb, ön razılasmanın əldə edilmədiyini söyləyirlər.

AFFA, əslində, sürpriz eləmək istəyir. Yəni qurum ki, sağa baxıb, solu vurmağa hazırlaşır. Bir qədər sonra atılacaq Millətlər Liqasının püşkünü gözləyirlər.

Çox keçməz, açıqlayarlar anlaşdıqları baş məşqçinin adını. Bunun üçün formal olaraq İcraiyyə Komitəsinin iclası keçiriləcək. Həmin toplantı isə martın 20-dək baş tutmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti