"Sezarınızı saxlayın, sonra yeyərsiz" – AFFA-nın növbəti qanunsuzluğu

28 Fevral 2020 21:40 Milli komanda 986
"Sezarınızı saxlayın, sonra yeyərsiz" – AFFA-nın növbəti qanunsuzluğu

AFFA-nın saytında Sezar Meza Kollinin "milliləşdirilməsinin” nəzərdə tutulması ilə bağlı xəbər ötən həftə aydın səmada şimşək effekti verdi. 7-dən 77-yə, futbolu bilən, bilməyən, bir sözlə, xəbərlə tanış olan hamı məlum xəbərə reaksiya verir, münasibət bildirirdi. Böyük əksəriyyət, futbol ictimaiyyətinin, demək olar, 95 faizi paraqvaylı yarımmüdafiəçinin yığma forması geyməsinin əleyhinədi.

Qanun pozuntusu, Zaur Axundov amili və ya rəqiblərin yeyilən haqqı

Əsasən Elxan Məmmədovunun himayəsinə sığınanlar və AFFA-dan bir parça çörək yeyənlər susmağı üstün tutdu ki, bud a başadüşüləndi. Halbuki Azərbaycan dilini bilməyən, himnimizin sözlərindən xəbərsiz olan, bura yalnız pul qazanmaq üçün gələn birinin sənin-mənim vətəndaşım olduğumuz ölkənin bir nömrəli komandasının formasını geyməyə, üçrəngli bayrağımızı ürəyinin üstündə gəzdirməyə haqqı çatmır. Meza Kolli mövzusuna toxunacağıq.

Tapdanan qanun

İlk növbətə onu qeyd etməliyik ki, bu futbolçuya Azərbaycan pasportunun verilməsi qanuna ziddi. Ona görə ki, "Keşlə”nin formasını geyən "10 nömrə” qanunun tələb etdiyi kimi ölkəmizdə fasiləsiz 5 il yaşamayıb. Düzdü, 2013-18-ci illər aralığında adı o vaxtkı "İnter”in, indiki "Keşlə”nin siyahısında olub. Lakin müxtəlif vaxtlarda, müxstəlif səbəblərdən "itkin düşüb”. Fasilələrlə bir neçə dəfə Azərbaycanı tərk edərək gözə dəyməyib. Bu isə o deməkdi ki, "bir ölkədə 5 il fasiləsiz yaşamaq” bəndi Sezar üçün keçərli deyil.

AFFA hansısa yollarla əcnəbi futbolçuya Azərbaycan pasportu düzəldə, onun yığmada oynamasına şərait yarada bilər. Vay o günə ki, hansısa rəqib komandanın rəsmiləri işin izinə düşüb, dərinə getsin, araşdırma aparsın. Bax, onda zibilə düşən AFFA olacaq.

Zaur Axundovla Kamil Məmmədovun şəninə

Sezarın "azərbaycanlaşdırılması” təkcə futbol ictimaiyyətinin yox, premyer-liqada mübarizə aparan komandaların da ürəyincə deyil. Bu adam "Keşlə”nin heyətində çempionat üçün əcnəbi kimi sifariş olunub. Və bu gün də əcnəbi statusuna malikdi. Sabah Azərbaycan pasportuna yiyələnsə, meydana yerli kimi çıxacaq ki, "Keşlə”nin start heyətində daha bir legioner üçün yol açılacaq.

Bəs bu işin başında duran kimdi? Təbii ki, klubda əsas söz sahibi olan Zaur Axundov. AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Rövnəq Abdullayevlə Elxan Məmmədova yaxın olan bu şəxs komandasının uğur qazanması üçün hər addıma əl atmağa hazırdı. Futzalda necədisə, futbolda da o cür. Bu işdə ona kömək edən, ideya verən şəxsin adı isə Kamil Məmmədovdu. Meza Kolli qardaşlarının ölkəmizə ayaq açmasının səbəbkarı olan təcrübəli agent. Elxan Məmmədovun yaxın adamları olan Riad Rəfiyevlə Kamil Məmmədov baş katibə etdikləri müraciətlərin böyük əksəriyyətində istəklərinə çatıblar deyə, növbəti bu cür addımın uğurlu alınacağına şübhə etməyə dəyməz. Elxan Məmmədov Kamil adlı həmsoyadının qazanması üçün lazım olan şəraiti yaradacaq. Berti Foqtsun dönəmində necə idisə, indi də elə.

Kimə lazımdı?

Hə, məsələnin əsas tərəfi, vacib sualı: Meza Kollinin "milliləşməsi” yığmanın nəyinə lazımdı, ölkə futboluna nə verəcək? Sualın birmənalı cavabı "heç nə”di. Onsuz da yığmanın orta xəttində "milliləşdirilən” gəlmələrin sayı kifayət qədərdi. Dmitri Nazarov, Eddi İsrafilov, Riçard Almeyda... Konkretləşdirsək, onsuz da azərbaycanlı yarımmüdafiəçilərin yolu bağlanıb. Burdan da Sezar variantının ortaya çıxması daha bir neçə futbolçunun qarşısında qırmızı işığın yanması deməkdi.

İstər əsas, istərsə də digər yığmaların baş məşqçiləri yerli futbolçuların təcrübəsizliyindən gileylənir, gənclərin inkişafının vacibliyindən dəm vurur. Meza Kollinin əyninə məcbur yığma forması geyindiriləcəksə, üstəlik, az öncə adı çəkilən onun kimi başqaları da varsa, azərbaycanlı balası təcrübəni harda və nə vaxt toplayacaq? Belə də ki, ölkə futbolunun inkişafına dövlət tərəfindən milyonlar ayrıldığı vaxtda millidə niyə hansısa paraqvaylı oynamalıdı?

Guya hədəf dəyişəcək?

Bir də ki Meza Kolli hansı yığma üçün "milliləşdirilir”? Seçmə mərhələdə 1 xal toplayıb qrup sonuncusu olan komanda üçün? Bəlkə növbəti tsikldə əsas məqsəd dünya çempionatınının final mərhələsinə çıxmaq olacaq, xəbərimiz yoxdu? Bəli, legioneri özününkü etmək dünya təcrübəsində var və bu vasitədən bir çox ölkələr yararlanır. Amma bunun iki səbəbi olmalıdı: ya sənin diyarında futbolçuya bənzəyən adam yoxdu, ya da ciddi hədəflərin var, kiçik boşluqları doldurmaq üçün mütləq kimisə "milliləşdirməlisən”.

Bu gün bizdə bunların heç birinə ehtiyac duyulmur. Özümüzdə futbol oynamağı bacaran uşaqlar kifayət qədərdi. Sadəcə, şans vermək, təcrübə toplamalarına şərait yaratmaq lazımdı. Yeni baş məşqçinin kimliyindən asılı olmayaraq, növbəti seçmə mərhələdəki mövqeyimiz isə dəyişməz qalacaq. Ya qrup sonuncusu, ya da sondan əvvəlki yer.

Son söz

Qeyd etdiyimiz kimi, Sezarın "azərbaycanlılaşdırılmasının” kökündə iki amil durur: ya əyninə milli formanı geydirmək istəyi, ya da "Keşlə”də legioner yerini boşaltmaq. İstənilən halda, ikisi də absurddu, qanun pozuntusudu. Xüsusən də yığmada oynamasına heç bir halda razılaşmaq mümkün deyil, imkan yaratmaq olmaz.

Sezar həm də elit təbəqə nümayəndələrinin (Elxan Məmmədov da o siyahıdadı) restoranlarda tez-tez istifadə etdiyi salat növüdü. Odu ki, sezarlarını saxlasınlar, sonra yeyərlər. Bu dəqiqə sezar yeri deyil! (Futbol+)

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”