Millimizin qapıçısı bu şərtlərə "okey" verəcəkmi?

29 Fevral 2020 10:24 Milli komanda 1 031
Millimizin qapıçısı bu şərtlərə "okey" verəcəkmi?

Azərbaycan millisinin qapıçısı Emil Balayev 2 gündür Norveçdə - "Bude-Qlimt"in düşərgəsindədir.

"Avisa Nordland" nəşri xəbər verir ki, bu barədə komandanın qapıçılar üzrə məşqçisi Yonas Ueland Kolstad məlumat verib. 44 yaşlı mütəxəssis Balayevin son illər Qazaxıstan və Azərbaycanda yaxşı təcrübə qazandığını bildirib:

"Emil Balayev Avropa çempionatının seçmə mərhələsi də daxil olmaqla, Azərbaycan millisinin beynəlxalq oyunlarında iştirak edib. Biz bir müddətdir ki, onu izləyirik və məşqdə yaxından görmək üçün buraya gətirdik".

Norveçli məşqçi 26 yaşlı qolkiperlə bağlı bunları da söyləyib: "Emil haqqında həyəcanverici bir şey var. Daha əvvəl və məşq zamanı gördüklərimizi, həmçinin komandadaxili matçda gördüklərimizi nəzərdə keçirəcəyik. Sonra isə nə olacağını görəcəyik".

Emil Balayev qış fasiləsində "Tobol"dan (Qazaxıstan) ayrılıb. Əksər mətbu orqanlar onun Norveçə baxışa yollandığını iddia edir. Sportinfo.az-da olan məlumat bunun əksini deyir.

Redaksiyamıza verilən informasiyaya görə, millinin qapıçısı tərəflər hazırda müqavilənin müddətini və maliyyə şərtlərini müzakirə etməklə yanaşı, bəzi digər məsələləri yoluna qoymağa çalışır. Balayev ehtiyatda əyləşmək istəmir və bura məhz əsas heyət üzvü olmaq üçün gəlib.

"Bude-Qlimt"in 1+1 illik müqavilə bağlamaq istəyinə hələ qəti cavab verməyən Emilə, bildiyimizə görə, ayda 10 min avro maaş təklif olunub.

Digər Xəbərlər
Xəbər Lenti