Elxan Məmmədov nə vaxt düz söz danışacaq?

26 Fevral 2020 18:48 Milli komanda 873
Elxan Məmmədov nə vaxt düz söz danışacaq?

FFA İcraiyyə Komitəsinin yanvarın 28-də tarixin yaddaşına qovuşan səs-küylü iclasından sonra həm də icraçı vitse-prezidentə çevrilən baş katib Elxan Məmmədovla yeni vitse-prezident Vaqif Sadıqov media önünə çıxmışdı.

Yarıtmaz xorvatın – Nikola Yurçeviçin boş qoyduğu posta 32 namizəd olduğunu açıqlayan Məmmədov həm də növbəti toplantı barədə danışmışdı. “Çox güman, İK-nın növbəti toplantısı 15 gündən sonra olacaq” cümləsiylə müddəti açıqlayan futbol məmurunun vədəsi çoxdan tamam olub. Dəqiqləşdirsək, 2 yox, 4 həftə vaxt keçib.

Şübhəsiz, ləngimə səbəbsiz deyil. AFFA başbilənləri həm məşqçi seçimiylə bağlı ciddi tərəddüd edir, həm də ictimai qınaq, haqlı tənqidlərdən doğan təpki öz işini görür…

Bunlar bəlli məsələlərdi. 2018-ci ilin dekabrında Qurban Qurbanovla yollar məlum şəkildə ayrılandan sonra da oxşar durum yaranmışdı. Yurçeviçi zaman məhdudiyyəti üzündən yaxşı araşdırmayan futbol qurumu ardından bəlli uğursuzluğun ana səbəbkarı olaraq təzyiqlərə məruz qalmışdı. Hamının bildiyi “torba əməliyyatı”ndan, üzücü 1 xaldan – işbilməzliyin, səriştəsizliyin bariz nümunəsindən yenidən danışmaq uzunçuluq olar.

AFFA-nın mətbuat xidmətində bu günə qədər növbəti iclasla bağlı məlumat olmadığına görə, bir neçə versiya üzərində dayanacağıq. Hərçənd bunlardan heç biri olmaya da bilər:

Futbol ictimaiyyətinin böyük qismi, eləcə də millidə oynayan futbolçuların çoxu yerli məşqçi tərəfdarıdı. Yəni öz seçiminə özü inanmayan, başqa sözlə, kimi seçməyin düzgün olduğunu bilməyən idarəçilər proseslərə, konkret qərar verməyə hazır deyil. Yəni AFFA-dakılar bu günə qədər hər hansı irəliləyişə nail olmayıb. Namizədlərlə bağlı xaos hökm sürür.

Rəşad Sadıqovla görüşməyə nail olan icraçı vitse-prezident özünü ictimaiyyətə təkəbbürdən əl çəkmiş, səhvlərindən nəticə çıxarmış adam kimi təqdim etməyə çalışıb, alovun üzərinə az da olsa, su çiləyib. Ortaya çıxarılmasa belə, Sadıqov variantı da “sandığın dibi”nə atılmamalıdı. Hamı fərqli qərar gözlədiyi halda, seçmə “Qarabağ”ın kapitanına tapşırıla və o futbolçu karyerasını bitirə bilər. Dəqiq olan budur ki, digər yerlilərlə bağlı planlar ağlabatan deyil.

Martın 3-də Amsterdamda UEFA-nın növbəri – 44-cü konqresi keçiriləcək. Eyni tarixdə Millətlər Liqasının yeni mövsümünün də püşkü atılacaq. AFFA rəhbərliyi məşqçi seçimini püşkün nəticəsini bilinəndən sonraya saxlayırsa, bu, daha acizanə görüntüdü. Əvvəla, baharın birinci ayında yoxlama oyunlarına çıxacaq təmsilçimizin bu qarşılaşmalara hazırlaşmağa yetərincə vaxtı olmayacaq. Digər tərəfdən, rəqiblərə uyğun məşqçi axtarmağın özündə də ciddi qəbahətlər var. Belə çıxır ki, Azərbaycan münasib komandalarla düşməsə, seçməmizin real şansı olmasa, komanda az pula çalışmağa razılaşan “növbəti qurban”a həvalə ediləcək. Yox, “kor püşk” üzümüzü güldürsə, “pul kisəsi açılacaq”, az-çox tanınmış birinə qarşı assosiasiya səxavət göstərəcək. Yəni maliyyəyə qənaət ikinci plana keçəcək.

Ümid edək ki, futbol qurumu bu dəfə ötənilki qədər gecikməyəcək və sonda Azərbaycan futbolunun sabahı naminə düzgün seçim ediləcək. Buna inanmaq nə qədər çətin olsa da (fanat.az)…

Nihat Ağasoy

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!