“Bu gün heç kim deyə bilməz ki, Azərbaycanda futbolçu yoxdu”

25 Fevral 21:36 Milli komanda 583
“Bu gün heç kim deyə bilməz ki, Azərbaycanda futbolçu yoxdu”

Sportinfo.az xəbər verir ki, AFFA 16 yaşlılardan ibarət milli komandanın baş məşqçi postuna Aqil Nəbiyevi gətirib.

Federasiyadan verilən açıqlamaya görə, qərar Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq qəbul edilib.

Nəbiyev artıq bir neçə müddətdi bu işlə məşğul olur. O, beş aydı ki, 15-16 yaşlı futboçularla çalışır. Aqil bəylə yeni vəzifəsi və aşağı yaş qruplarındakı çətinliklərlə bağı söhbət etdik.

- Əvvəlcə təyinatınızla bağlı təəssüratınızı bölüşərdiz.
- Təxminən 5 aydı bu layihə üzərində çalışırıq. Bakı bölgəsində bu yaş qrupu üzrə uşaqları toplayırdıq. Təbii ki, Miloş Velebitin rəhbərliyi altında. Hər bir insanın hədəfi olmalıdı. Mənim də özüməməxsus məqsədlərim var. Millidə işləmək hər bir insan üçün şərəfdi. Mənə yığmada həm oynamaq, həm də çalışmaq nəsib oldu. Bu, qürurverici bir şeydi. Həfədim daha yuxarı yerlərdə işləmək, yığmanı daha yaxşı yerlərə gətirməkdi. Çox sağ olsunlar ki, mənə bu fürsəti verdilər. İnanıram ki, onların etimadını doğruldacam.

- Dediz ki, artıq bir neçə aydı bu işlə məşğulsuz. Aşağı yaş qruplarında çalışmağın hansı çətinlikləri var?
- Bəli, 5 aya yaxındı bu işlə məşğulam. Artıq uşaqların çoxunu tanıyırıq. Söhbət Bakı ətrafındakı oyunçulardan gedir. Onların bütün oyunlarını izləmişik. Çalışacağıq ki, ən keyfiyyətli olanları milliyə dəvət edək. Sözsüz, uşaq futbolunda çətinliklər var. Ancaq bu millidən asılı bir şey deyil, klubların öhdəsinə düşən işdi. Futbolçular klubdan milliyə hazır gəlməlidi. Biz hazır komandaya gəlməmişik. Ancaq hələ vaxtımız var. Bu uşaqların oyunları hələ gələn il olacaq. Ona isə bir ildən çox var. Çalışıb o vaxta qədər maksimum hazırlaşmalıyıq. Çətinliklərin öhdəsindən gəlməliyik.

- Konkret sizi narahat edən nələrsə var?
- Biz futbolçuları həftədə iki dəfə görə bilirik. Ancaq hər dəfə eyni uşaqları görə bilmirik. Belə ki, hər komandadan 5-6 oyunçu bəyənirik. Onların hamısını birdəfəyə dəvət etmək olmur. Amma hamısı nəzarətimizdə olur. Əsas iş klublardadı. Çalışıb federasiya ilə əməkdaşlıq etməlidilər. Hamımız milli üçün çalışmalıyıq. Klublar mütləq federasiyaya və mili komandalara kömək etməlidi. Ki, futbolçular yığmaya hazır gəlsinlər.

- Mütəxəssislər aşağı yaş qruplarında uşaqların beynəlxalq oyun təcrübəsinin az olduğunu deyir. Bununla bağlı fikriniz var?
- Açığı, elə ona görə 15, 16 yaşlı komandalar yaradılır ki, əsas milliyə qədər oyunçularda təcrübə olsun. Ancaq həmin yaş qrupları üzrə çempionatda barmaqla sayılacaq qədər az komanda var. Rəqabət olmasa, sonda belə bir vəziyyət yaranır. Mən Bakıda bu yaş qrupu üzrə bütün oyunları izləyirəm. Onu deyim ki, keyfiyyətli komanda çoxdu. Bu gün heç kim deyə bilməz ki, Azərbaycanda futbolçu yoxdu. Xeyr, var. Onları üzə çıxarmaq isə biz məşqçilərin üzərinə düşür. Onları yaxşı səviyyəyə gətirmək bizim borcumuzdu.

- Hazırda inandığınız, gələcəyi parlaq olan oyunçular var?
- Təbii ki, var. Ad çəkməyəcəm, ancaq var. Bakı üzrə bütün oyunçuların siyahısı bizdə var. Ancaq Bakı ilə yanaşı, bölgələrdə də axtarışa çıxacağıq. Daha öncə də 15-16 yaşlıların toplanışı olub. Ona görə əksəriyyətini yaxşı tanıyırıq. İndi biz onları daha da inkişaf etdirmək üçün çalışacağıq. Milli komanda tək bir nəfərin deyil, hamımızındı. Gərək bir-birimizə dəstək olaq. İstər media, klub, istərəsə də azarkeş olaraq. Hamımız millinin ən yaxşı səviyyədə olmasını istəyirik.

- Yəqin ki, əsas milli komandaya baş məşqçi olmaq iddianız var.
- Açığı, bu gün özümü o yerə hazır saymıram. Mən hələ məşqçiliyə yeni başlamışam. Hələlik bu barədə düşünmürəm. Ancaq mənim üçün millinin aşağı yaş qruplarında çalışmaq belə böyük şərəfdi. Ümidləri doğrultmaq üçün hər şeyi edəcəm.

- Söhbət milli komandadan düşmüşkən, hazırda yığmanın baş məşqçisinin yerli, yoxsa əcnəbi olmasının müzakirəsi gedir. Sizcə, yerli olsun, yoxsa əcnəbi?
- Siyahıda kimlərin olduğunu bilmirəm. Ola bilsin ki, bu barədə çoxlu müzakirələr gedir. İnanıram ki, ən yaxşı variantı seçəcəklər. Məncə, yerli və ya əcnəbidən çox əsas odu ki, millimizə, Azərbaycana faydalı olsun (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
7 Aprel 19:16 Rüşvət veriblər?
7 Aprel 15:18 Messi "İnter" yolunda?