Milliyə zəmanət vermədi, AFFA-nı çətin vəziyyətə saldı

14 Fevral 2020 09:28 Milli komanda 875
Milliyə zəmanət vermədi, AFFA-nı çətin vəziyyətə saldı

«Neftçi»nin sabiq baş məşqçisi Elxan Abdullayev AFFA-nı məyus etməsi xəbərimiz rəsmi təsdiqini tapıb.

Azərbaycan Radiosunun səhər efirinin qonağı AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov onun U-18 millisinin baş məşqçi postundan imtina etməsini doğrulayıb.

İndiyədək çalışdığı bütün iş yerlərində uğursuz olan Abdullayevin, demə, iddiası daha böyükdür. Məşqçilik bacarığı olmayan, hər dəfə ora-bura tapşırıqla təyinat almağa öyrəşmiş Elxan bəy federasiya mənsublarıyla görüşündə yeniyetmə və gənclərlə işləmək həvəsində olmadığını açıqlayıb.

Onun gözü yenidən əsas millinin məşqçilər korpusunda yer almaqdır. Vaxtilə Berti Foqts və Robert Prosineçkinin köməkçisi olan Abdullayev indi də rahat, təhlükəsiz, amma yüksək gəlir vəd edən post arzusundadır.

E.Məmmədov: “Məşqçilər Komitəsi U-18 millimizə baş məşqçi namizədi kimi Elxan Abdullayevi təklif etdi. Biz də bunu qəbul etdik. Amma hələki qərar yoxdur. Bəli, Elxan Abdullayev dedi ki, əsas milliyə gələcək baş məşqçinin köməkçisi olmaq arzusundadır. Lakin biz buna hal-hazırda cavab verə bilmərik. Çünki milliyə gələn məşqçi öz köməkçilərini özü təyin edir. Təbii ki, yerli köməkçilər də olur. Hal-hazırda bu köməkçi Arif Əsədovdur və o işinə davam edir”.

Sportinfo.az-ın məlumatına görə, Abdullayevin təklifi bəyənməməsi AFFA-nı çətin vəziyyətə salıb. Çünki bütün planlar pozulub və ona yenidən baxmaq lazım gəlib.

Belə ki, bugünlərdə yığmanın seleksiya toplanışı təşkil olunmalıydı. Federasiya bütün hazırlıq işlərini görüb, Abdullayev son anda sükan arxasına keçməkdən imtina edincə, toplanış ertələnib.

İrəlidən 18 yaşlılar arasında Millətlər Liqası gəlir, Elxan bəyi qorxuya salan da bir səbəbi də bunda görməliyik. O, nəticəyə zəmanət verməyib.

Digər Xəbərlər
Xəbər Lenti