Ayxan neynəsin?

11 İyun 23:00 Milli komanda 157
Ayxan neynəsin?

Azərbaycan millisinin Avropa toplanışı başa çatdı.

Ölkənin üzdə olan, sayılıb-seçilən futbolçularının formasını geyindiyi yığma komanda Maltaya 0:2 hesabı ilə uduzub, Avropanın ən zəif 2-3 millisindən biri olan San-Marino üzərində min bir zəhmət bahasına 2:1 hesabı ilə qalib gəldi.

Yığmada yaxşıya doğru dəyişiklik yönündə nəsə gördükmü?

Cavabı birmənalı olaraq “xeyr”dir. Görə də bilməzdik. Mümkün deyil.

Bir ölkənin millisi onun uşaq futbolunun güzgüsüdür. Təəssüf ki, Azərbaycanda uşaq futbolu yoxdur. 2005-ci ildən dövlət büdcəsindən ayrılan pullar uşaq futbolunun inkişafına yox, lazımsız təlim-məşq toplanışlarına, mükafatlara, kimlərinsə ciblərini doldurmasına sərf olunub.

Bugünkü yığmanın nəticə qazanmasını demirəm, futbol oynaya bilməsi üçün ölkədə Avropa standartlarına cavab verən futbolçular yetişməliydi. Kiminsə topla texniki bacarıq nümayiş etdirib, ya da 1-2 rəqibindən sıyrılıb qapı qarşısına ötürmə etməsi futbol bacarığı deyil.

Normal futbol sərgiləmək üçün taktiki savad olmalı, uşaq yaşlarından futbolun sirlərinə yiyələnmək lazımdır. Məsələn, 2-3 ötürmə ilə rəqib müdafiəsini yarmaq, top yarımmüdafiəçidə olanda hücumçunun nə etməli olduğunu bilmək, topu qəbul etmək, zərbə endirmək texnikası və sair. Bizimkilər bunları bacarmır. Çünki vaxtında lazımi səviyyədə öyrədən olmayıb.

Baş məşqçi Ayxan Abbasov hər oyundan sonra verdiyi açıqlamalarda vəziyyətin yaxşı olacağına inanmaq və inandırmaq istəyir. Çünki indiyə kimi işlədiyi klublarda yoxdan var edib, zəif materiallarla adından söz etdirməyi bacarıb.

İndi də inanır ki, bu futbolçularla nəsə edə biləcək, bir gün milli komandanın uğurlarıyla sevindirəcək. Amma o başqa məsələ ki, Abbasovun sərəncamında Otto Con, Aleks Souza, Belajdi Pusi, Roderik Miller, Dioqo Balau, Sezar Enrike kimi futbolçular yoxdur.

Legionerlərin taktiki-texniki bacarığı, fiziki və psixoloji hazırlıq səviyyəsi azərbaycanlı futbolçulara yaddır. Bizimkilər onlar kimi ola bilmir, yaxın gələcəkdə ola bilməyəcək.

Berti Foqts, Robert Prosineçki, Canni de Byazi, Fernando Santuş kimi dünya şöhtərli mütəxəssislər heç nə bilmədisə, Ayxan Abbasov qısa müddətdə nəyi dəyişəcək?

Təsəlli yerimiz odur ki, dünənə qədər əcnəbilər yalan vədlərlə başımızın altına yastıq qoyub neftin milyonlarını evinə daşıyırdısa, bu gün millinin başında qat-qat az maaşa canı canımızdan, qanı qanımızadan Ayxan Abbasov dayanır.

O da çalışır, baş sındırır, nələrisə dəyişmək üçün səy göstərir. Özü də bilir, bu bacarıqda və xarakterdə olan futbolçularla uzağa getmək mümkün deyil.

Təkrar edirəm, uşaq futboluna xüsusi diqqət ayrılmadıqca, inkişaf proqramı işə düşmədikcə, yaxşı mənada nəyəsə ümid etmək yersizdir.

Bu gün Azərbaycan millisinin bacardığı “FİFA Series-2026” kubokunu qazanmaq və San-Marinonu 2:1 hesabı ilə udmaqdır. Bax, yığmamızın əsl üzü budur.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 23:00 Ayxan neynəsin?
11 İyun 18:10 Çək və bizə göndər!